4 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili gecə keçirilib.
AMK-nın Elm, yaradıcılıq və innovasiya işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova giriş sözü ilə çıxış edərək, Bəxtiyar Vahabzadənin milli düşüncə, vətənpərvərlik və humanizm ideyalarının Azərbaycan mədəniyyətində tutduğu xüsusi mövqeyə toxunub, onun yaradıcılığının həm poeziyada, həm də musiqi-mədəni mühitdə davamlı təsir yaratdığını qeyd edib.
Daha sonra Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi, yazıçı Aysel Fikrət Vahabzadə yaradıcılığının müxtəlif mərhələləri, poeziyasının ideya-estetik istiqamətləri, eləcə də müasir dövrdə şairin irsinin aktuallığı barədə məruzə ilə çıxış edib və sonda şairin şeirini səsləndirib.
Tədbir çərçivəsində AMK-nın müəllim və tələbə heyətinin hazırladığı bədii proqram təqdim olunub. Proqramda Ədalət Behbudov, Pərviz Fərhadov, Firuzə Qədimalıyeva, Araz Qasemi, Reza Muhammedi, Vüqar Nəcəfov, Altun Süleymanov, Duyğu Rüstəmova, Aydan Salahova, Samirə Musayeva, Cavidan Babayev və IX Muğam Televiziya Müsabiqəsinin qalibi Nərmin Mirzəyeva şairin müxtəlif poetik nümunələri əsasında bəstələnmiş musiqi əsərlərini ifa ediblər.
Tədbiri AMK-nın Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin mütəxəssisi, TEC sədri Zeynəb Bağır idarə edib, ifasında Bəxtiyar Vahabzadənin “Muğam poeması”ndan fraqmentlər və müxtəlif şeirləri səsləndirilib.











