3 noyabr 2025-ci ildə 8 noyabr – Zəfər gününün beşinci ildönümü çərçivəsində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına konsert zalında Vətən müharibəsi qazisi, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Polad Rzayevlə görüş təşkil olunub.
Görüşdə AMK-nın məzunu, şəhid Toğrul Hacıyevin valideynləri, AMK-nın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirə AMK TEC sədri Zeynəb Bağır aparıcılıq edib.
Tədbiri giriş sözü ilə açan AMK-nın Elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, professor Lalə Hüseynova Zəfər gününün tarixi və mənəvi əhəmiyyətindən danışıb. Ardınca 44 günlük Vətən müharibəsinin xronikasını əks etdirən videoçarx nümayiş olunub.
AMK-nın məzunu, şəhid tarzən Toğrul Hacıyevin anası İlhamə Soltanova çıxış edib, qazi Polad Rzayev gənclərlə söhbət aparıb, onların suallarını cavablandırıb.
Tədbir çərçivəsində “Əsgərə məktub” müsabiqəsinin qalibləri elan olunub. Qaliblərə Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin direktoru Gülnarə Manafova və qazi Polad Rzayev tərəfindən sertifikatlar təqdim edilib.
Bədii hissədə tələbələrin təqdimatında “Xudayar təsnifi” və “Qarabağ şikəstəsi” səsləndirilib.












