2 oktyabr 2025-ci ildə Azərbaycan Milli Konservatoriyasının Bakı zalında Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə bəstəkar, musiqişünas və kulturoloq Elmir Mirzəyevlə ikinci görüş keçirilib. Tədbirdə AMK-nın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Görüş çərçivəsində Elmir Mirzəyevin “Dörd son mahnı” (“Vier letzte Lieder”); Rixard Ştrausun (Richard Strauss) və Neoromantizm dalğasının son nəfəsi; “İdeologiya və musiqi: Sosial və ictimai proseslərin kültürə təsiri” mövzularına həsr olunan məruzəsi dinlənilib.
Məruzədə XIX əsrdən etibarən Alman musiqisinin tarixi inkişafı və ideoloji istiqamətləri, həmçinin bu proseslərin Rixard Ştrausun yaradıcılığına göstərdiyi təsirlər ətraflı təhlil olunub.
Elmir Mirzəyev, həmçinin musiqi əsərlərinin sosial və mədəni kontekstdə necə formalaşdığını, ideologiya və estetik prinsiplərin musiqi dilinə təsirini nümunələrlə izah edib.
Tədbir iştirakçılara Alman musiqisinin tarixi inkişafı, ideoloji konteksti və müasir mövqeləri barədə dərindən anlayış və analitik baxış imkanı yaradıb.