Oktyabrın 7-də Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına konsert zalında Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli, AMK-nın Muğam (xanəndə) kafedrasının müdiri, ustad sənətkar Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində “Muğamın Məcnunu” adlı bədii musiqili kompozisiya tamaşaçılara təqdim olunub.
Yubiley tədbirində Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Ombudsman Səbinə Əliyeva, millət vəkilləri Ziyafət Əsgərov, Günay Əfəndiyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Milli Konservatoriyasının tələbəsi şəhid Toğrul Hacıyevin atası, Birinci Qarabağ müharibəsi qazisi Rüfət Hacıyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və digər dövlət rəsmiləri, Milli Konservatoriyanın professor və müəllim heyəti iştirak ediblər.
Tədbiri Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə açıq elan edib.
O, sənətkarın Azərbaycan muğam sənətinin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Mənsum İbrahimovun zəngin ifaçılıq məktəbi və yetişdirdiyi gənc xanəndələr milli musiqi mədəniyyətimizin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, Xalq artisti Mənsum İbrahimov Azərbaycan muğamını beynəlxalq aləmdə tanıtmaqla yanaşı, Qarabağ mövzusunu da dünyaya çatdıran dəyərli sənətkarlardandır.
Çıxışının sonunda rektor yubilyara Azərbaycan Milli Konservatoriyasının döş nişanını və təbrik ünvanını təqdim edib.
Ardınca tamaşaçılara Əməkdar incəsənət xadimi Hafiz Quliyevin rejissoru olduğu bədii musiqili kompozisiya təqdim olunub.
Kompozisiya sənətkarın pedaqoji və səhnə fəaliyyətinə həsr olunmuş videoçarxla başlayıb.
Proqramda Xalq artistləri Azər Zeynalov, Elçin Həşimov, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Təyyar Bayramov, İlkin Əhmədov, Arzu Əliyeva, Bəyimxanım Vəliyeva, Elnur Zeynalov, Elnur Əhmədov, Emil Əfrasiyab, Şəhriyar İmanov, solistlər Aytən Məhərrəmova, Güllü Muradova, Gülzar Fərəcova, Xəyal Hüseynov, Siyavuş Kərimov, Səyyar Teymurov, Cəmilə Musayeva və AMK-nın tələbələrindən ibarət xor (bədii rəhbər Təranə Yusifova) iştirak ediblər.
Konsert proqramı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından səhnə ilə başlayıb, daha sonra “Bayatı-Şiraz” muğamı ilə davam edib. Tədbirdə Əməkdar artist Emil Əfrasiyabın “Əzizə” və “Misri” kompozisiyaları, Xalq artisti Azər Zeynalovun ifasında Oqtay Kazımovun “Xəyal” musiqi əsəri, Əməkdar artistlər Təyyar Bayramov, Bəyimxanım Vəliyeva və solist Aytən Məhərrəmovanın ifasında Mənsum İbrahimovun repertuarından əsərlər səsləndirilib.
Sonda Xalq artisti Mənsum İbrahimov səhnəyə dəvət olunub. Onun Qarabağa həsr olunmuş ifasına Xalq artisti Nurəddin Mehdixanlının qiraətində səsləndirilən “Qarabağ” şeiri xüsusi rəng qatıb.
Tədbirin sonunda yubilyar bu möhtəşəm tədbirin təşkilinə görə əməyi keçən hər kəsə, iştirak edən sənətkarlara, həmkarlarına və tələbələrinə minnətdarlığını bildirib.
Azərbaycanın müxtəlif bölgələrində günlərlə qeyd olunan yubiley tədbirləri sırasında doğma ocağı – Azərbaycan Milli Konservatoriyasında keçirilən yubileyin onun üçün xüsusi və əvəzolunmaz yer tutduğunu vurğulayıb.
Sənətinə verilən yüksək qiymətə və göstərilən diqqətə görə təşəkkür edib.