25–26 sentyabr 2025-ci il tarixlərində dahi bəstəkar, Azərbaycan mədəniyyətinin böyük fenomeni Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” adlı beynəlxalq elmi simpozium keçirilib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA Folklor İnstitutu və Azərbaycan Milli Konservatoriyasının birgə təşkil etdiyi bu simpozium türk dünyasının zəngin mədəni irsini, ortaq dəyərlərini və mənəvi yaddaşını müasir elmi baxışla araşdırmağı və təqdim etməyi hədəfləyib.
Simpoziumun Həmsədrləri: Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor, doktor Aktotı Raimkulova
Simpoziumun İdarə Heyəti: Azərbaycan Milli Konservatoriyasının Rektoru, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, sənətşünaslıq doktoru, professor Aktotı Raimkulova, AMEA Folklor İnstitutunun direktoru, sənətşünaslıq doktoru, professor Hikmət Quliyev
Simpoziumun Təşkilat Komitəsi: Mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Milli Konservatoriyasının elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, professor Lalə Hüseynova əsas təşkilatçılar sırasında yer alıb.
Simpoziumun proqramına uyğun olaraq iştirakçılar 25 sentyabr saat 10:00-da Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və Üzeyir Hacıbəylinin məzarlarını ziyarət ediblər.
Daha sonra AMEA-nın Əsas Binasının Dairəvi konfrans zalında plenar iclas öz işinə başlayıb. Simpoziumun açılış mərasimində Mədəniyyət Nazirinin müavini Murad Hüseynov, AMEA prezidenti akademik İsa Həbibbəyli və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor doktor Aktotı Raimkulova çıxış ediblər.
Plenar iclasın elmi hissəsində Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə, “Üzeyir Hacıbəyli və türk konseptsferası: intertekstual dialoq” mövzusunda çıxış edib. Qırğızıstan Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldacan Akmataliyev, Ege Universiteti, Türk Dünyası Araşdırmaları İnstitutunun professoru, doktor Metin Ekici, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev, Qazaxıstanın K. Bayseitova adına Milli İncəsənət Universitetinin professoru, doktor Meruert Kurmanqalieva, M. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, akademik Kenjexan Matyjanov, Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru, professor, doktor Erhan Özden, Özbəkistan Elmlər Akademiyasının Əlişir Nəvai adına Ədəbiyyat Muzeyinin direktoru, professor, doktor Jabbor Eshonqulov məruzələr ediblər.
Məruzə və çıxışlarda bildirilib ki, iki gün davam edəcək simpoziumda türk xalqlarının ortaq musiqi yaddaşı, aşıq sənəti ənənələri, klassik ədəbiyyatın təsir dairəsi, eyni zamanda Üzeyir Hacıbəylinin yaradıcılığının milli-mədəni kodlarla səsləşməsi elmi diskussiyanın əsas prioritetidir. Həmçinin, tədbir çərçivəsində aşıq sənəti ilə professional musiqi məktəbi arasında körpülər qurulub və mədəniyyətin müxtəlif sahələrinin inteqrasiyası elmi-publisistik rakursdan təhlil olunub.
AMEA-da öz işini yekunlaşdıran elmi simpozium Azərbaycan Milli Konservatoriyasında davam edib.
Elmi simpoziumun bu mərhələsi üç panel üzrə cərəyan edib: “Üzeyir Hacıbəyli yaradıcılığı Şərq və Qərbin mədəni dialoqu müstəvisində” mövzusu ətrafında panelin moderatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Axundova-Dadaş-zadə; “Türk dünyasında aşıq sənətinin sosial-mədəni konteksti və dəyərlər sistemi” mövzusunda panelin moderatoru filologiya elmləri doktoru Füzuli Bayat; “Türk xalqlarının ənənəvi musiqisi müasir elmi paradiqmanın obyekti kimi” mövzusunun panel moderatoru isə sənətşünaslıq doktoru, professor Rəna Məmmədova olmuşdur.
Moderatorlar eyni zamanda mövzu ətrafında məruzələr ediblər.
Panel mövzuları ətrafında çıxış edən alim və sənətşünaslar arasında sənətşünaslıq doktoru, professor İlqar İmamverdiyev, sənətşünaslıq doktoru, professor Aleksandr Maklıgin, sənətşünaslıq doktoru, professor Şoistə Qənixanova, dosent Karaqul Tilençiyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Abdullayeva,musiqişünas, kulturoloq Elmir Mirzəyev, filologiya elmləri doktoru, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru, professor Mahmud Kamaloğlu-Xəlilov, filologiya elmləri doktoru, professor Avtandil Ağbaba, doktor Çingiz Mehdipur, AMK-nın Tələbə Elmi Cəmiyyətinin sədri Zeynəb Bağır, professor Abdullah Akat, sənətşünaslıq üzrə elmlər namizədi, dosent Gülnar Əbdürəhman, filologiya elmləri namizədi Taqandurdi Bekcayev, ifaçı, tədqiqatçı Salih / Mehmet Turhan, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova, dosent Polina Desyatniçenko və Sashar Zarif yer alıblar.
Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində təşkil olunan elmi simpozium dahi bəstəkarın yaradıcılıq irsini türk dünyasının müxtəlif alim və tədqiqatçıları tərəfindən dərin elmi müzakirələrə cəlb edib. Bu, həm də türk dünyasının ortaq mədəni irsinin qorunması və inkişafı baxımından mühüm platformadır.
Simpoziumun ilk günü uğurla yekunlaşıb və tədbir 26 sentyabrda Azərbaycan Milli Konservatoriyasında davam edəcək.





