Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə, dahi bəstəkar, musiqişünas-alim, şərqdə ilk operanın yaradıcısı , publisist, ictimai xadim, pedaqoq Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Milli Musiqi Günü” ölkə üzrə təntənə ilə qeyd olunur.
18 sentyabr görkəmli bəstəkar Üzeyir Hacıbəylinin doğum günü eyni zamanda Milli Musiqi Günü kimi qeyd edilir. Bu münasibətlə Azərbaycan Milli Konservatoriyasında açıq havada xüsusi tədbir təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli, Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi , professor Kamilə Dadaş-zadə, elm və innovasiya məsələləri üzrə prorektor, əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, tədris məsələləri üzrə prorektor Nizami Əsədov, nazirliyin nümayəndə heyəti, konservatoriyanın professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbir Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra əsəri ilə başlayıb. Ardınca Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə çıxış edərək cənab nazir Adil Kərimlini və tədbir iştirakçılarını salamlayıb, hər kəsi Milli Musiqi Günü münasibətilə təbrik edib.
Rektor çıxışında bildirib ”Bildiyimiz kimi Üzeyir bəyin musiqi mədəniyyətinin inkişafına dair müəyyən bir konsepsiyası mövcuddur. Mən əminliklə qeyd etmək istərdim ki, bu gün Üzeyir Hacıbəylinin konsepsiyası bizim Azərbaycan Milli Konservatoriyasında tam şəkildə həyata keçirilir. İstər bəstəkarlıq, istər musiqişünaslıq, istər ifaçılıq. Bu ona dəlalət edir ki, Üzeyir bəyin ənənələri bu gün də inkişaf etdirilir, yaşayır, bəhrəsini verir”
O, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi ilə yanaşı, Azərbaycan Respublikasının Zəfərinin 5 illiyinin də qeyd olunmasını xüsusi vurğulayıb.
Daha sonra çıxış edən Mədəniyyət naziri Adil Kərimli, Üzeyir Hacıbəylinin yubileyi çərçivəsində keçiriləcək beynəlxalq tədbirlər barədə məlumat verib. Roma şəhərinin möhtəşəm Santa Çeçiliya Konservatoriyasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş xüsusi konsert proqramından bəhs edib. Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti üçün mənəvi dəyər olduğunu vurğulayıb. Nazir, Beynəlxalq festival çərçivəsində baş tutacaq “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq elmi simpozium və konfransın əhəmiyyətindən bəhs edib. Tədbir iştirakçılarını Milli Musiqi Günü münasibətilə təbrik edib.
Daha sonra Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət Xalq Çalğı Alətləri Orkestri Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.
Konsertin bədii rəhbəri : Dirijorluq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pikə Axundova, dirijorlar : Arif Məhərrəmov və Aysel Bağırova olub.
Konsert proqramında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, “Sevgili Canan” (Solist: “Milli Vokal” kafedrasının II kurs magistr tələbəsi İsayev Cavidan), Müslüm Maqomayevin “Radio marşı” səsləndirilib. Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi” əsəri ilə sona çatıb.
Konsertin sonunda Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli və Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə orkestr üzvləri ilə görüşərək, təəssüratlarını və minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbirlər sentyabrın 28-dək davam edəcək.






