Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Fondunun və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən “Muğam Aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində müxtəlif elmi və yaradıcı layihələr həyata keçirilir.
19 iyunda Festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasının Bakı zalında tanınmış arxeomusiqişünas və bəstəkar Riçard Dambrill (Birləşmiş Krallıq) “Arxeomusiqişünaslıq’ mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə zamanı tədqiqatçı Yaxın və Orta Şərq arxeomusiqiologiyası üzrə apardığı araşdırmaları təqdim edib, xüsusilə şumer, babil və hurri dillərində yazılmış musiqi nəzəriyyəsinə dair mixi mətnlər üzərində əldə etdiyi elmi nəticələri bölüşüb.
R. Dambrill həmçinin qədim Şərq musiqi mədəniyyətinə həsr olunmuş kitablarından sitatlar gətirib və bu sahədəki mühüm nəzəri yanaşmaları auditoriyanın diqqətinə çatdırıb. Mühazirə festival iştirakçıları və tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, 17 iyun tarixində başlayan “Muğam Aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı öz işini uğurla davam etdirir.