İyunun 17-də Heydər Əliyev Sarayında “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının “Bayatı” adlı açılış qala konserti keçirilib. Festival Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə öz işinə başlayıb.
İyunun 22-dək davam edəcək festivalda Türkiyə, Almaniya, İspaniya, Mərakeş, İraq, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Kanada, Hindistan, Norveç, Rusiya, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə və digər ölkələr daxil olmaqla, ümumilikdə 25-dən çox dövlətdən 200-dən artıq ifaçı, tədqiqatçı və qonaq iştirak edir.
Açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru Kamilə Dadaş-zadə, AMK-nın professor-müəllim heyəti və tələbələri, tanınmış mədəniyyət və elm xadimləri, eləcə də müsabiqədə təmsil olunan ölkələrin nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcıları festivalın 17–22 iyun tarixlərində keçiriləcəyini bildirərək, onun Azərbaycan musiqi irsinin qorunması və inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
“Bayatı” adlı qala konsertdə Azərbaycan, Türkiyə, Mərakeş/İspaniya, İraq/BƏƏ, Özbəkistan/Tacikistan, Qazaxıstan/Kanada, Hindistan və Monqolustandan olan ifaçılar və musiqi kollektivləri zəngin etnik-mədəni çıxışları ilə tamaşaçılarda dərin təəssürat yaradıb.
Çıxış edənlər arasında Azərbaycan Milli Konservatoriyasının İnstrumental Muğam kafedrasının müdiri, Xalq artisti Malik Mansurov və onun rəhbərlik etdiyi “Naz-nazı” qrupu da yer alıb.
Qala konsert Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının muğam (xanəndə) kafedrasının müəllimi Alim Qasımov və qrupunun ifasında səsləndirilən “Muğamat var olan yerdə…” adlı musiqi nömrəsi ilə başa çatıb.
17–22 iyun tarixlərində keçiriləcək “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasında beynəlxalq muğam müsabiqəsi, XIII əsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktik irsi ilə bağlı simpozium keçiriləcək.
Festival proqramına həmçinin İçərişəhərdə Azərbaycan Radiosunun 1950–60-cı illərdə yayımlanan “Muğam saatı” proqramı əsasında hazırlanmış interaktiv səs performansı və “Muğam 12” adlı musiqi marafonu da daxildir.
Festival müddətində Azərbaycanın tanınmış muğam ifaçılarının iştirakı ilə ustad dərsləri və konsertlər də təşkil olunacaq.
Qeyd edək ki, festival hazırda davam edir. Müsabiqənin bağlanış mərasimi isə muğamın beşiyi sayılan azad Qarabağ torpağında – Ağdam Muğam Mərkəzində keçiriləcək.