5 may tarixində Azərbaycan Milli Konservatoriyasında subbakalavrlar, abituriyentlər və yuxarı sinif şagirdləri üçün “Xoş Sədalı Gələcək” layihəsi çərçivəsində II Açıq Qapı Günü tədbiri keçirilib.
Tədbir çərçivəsində, Bülbül adına 11 illik Orta İxtisas Musiqi Məktəbi, AMK nəzdində Sumqayıt Musiqi Kolleci, Musiqi Kolleci, İncəsənət Gimnaziyası, Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı 11 illik Orta İxtisas Musiqi Məktəbi, Şövkət Ələkbərova adına 11 illik Orta İxtisas Musiqi Məktəbi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas Musiqi Məktəb-Studiyasının müəllim və şagird heyəti AMK-da qonaq qismində iştirak ediblər.
İlk olaraq abituriyentləri “Dirijorluq” kafedrası qarşılayıb. Kafedranın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundova qonaqları salamlayaraq musiqi ifalarını təqdim edib.
Konservatoriyanın tələbələrindən ibarət XÇA Orkestri Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra və Fikrət Əmirovun “Şənlik” rəqsini səsləndirib. Orkestrin bədii rəhbəri baş müəllim Arif Məhərrəmovdur. Ardınca Milli Avaz xor kollektivi Üzeyir Hacıbəylinin “Ey Vətən” və Adnan Sayqunun “Katibim” musiqi əsərlərini ifa edib. Kollektivin bədii rəhbəri baş müəllim Aytən Aslanovadır.
Tədbirin növbəti hissəsində qonaqlar “Qədim Musiqi Alətləri” ekspozisiyasını ziyarət ediblər. Abituriyentlərə ekspozisiya haqqında geniş məlumatı AMK-nın Elmi-Tədqiqat Laboratoriyasının müdiri Məmmədəli Məmmədov təqdim edib.
Daha sonra şagirdlər və müəllimlər Fikrət Əmirov adına Böyük Zala daxil olaraq konsert proqramını izləyiblər.
Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, əməkdar İncəsənət Xadimi Kamilə Dadaş-zadə çıxış edərək qonaqları salamlayıb.
Daha sonra AMK-nın müxtəlif kafedralarını və fəaliyyətini əks etdirən TGT tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.
Musiqi proqramı çərçivəsində “Muğam-Xanəndə” kafedrasının dosenti, əməkdar artist Təyyar Bayramov və tələbələri – Xəyalə Qafarzadə, Ülkər Abdullayeva, Aycan Şükürlü, Nərgiz Cabbarova – “Qarabağ” musiqi əsərini ifa ediblər.(müşayiət : Altay Niftəliyev ,Arsaz Ağaverdiyev,Səyyar Teymurov)
“Xalq Çalğı Alətləri” kafedrasının müəllimi, əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, əməkdar artist Təranə Əliyeva və “İnci” qrupu – tələbələr: Aygül Qədirova, Ülviyyə Məmmədova, Leyla Haşımova, Elnarə Səmədova, Sonaxanım Zeynalova, Zəhra Məmmədkərimli (müşayiət – nağara: Cəfər Həsənov) – Cahangir Cahangirovun “Süzən qızlar” və Teyyub Dəmirovun “Eynur” rəqslərini təqdim ediblər.
“Milli Vokal” kafedrasının müəllimi, Əməkdar artist Zenfira İsmayılova və tələbələri – Günel Əsədova, Turan Səfərova, Nəzrin Quliyeva, Sara Hüseynova, Fidan Mansurova (konsertmeyster – Vəfa Əzizova) – Tofiq Quliyevin “Sevinc Nəğməsi” musiqi əsərini səsləndiriblər.
“Populyar Musiqi və Caz İfaçılığı” kafedrasını əməkdar artist Şölə Səfərəliyeva təmsil edib. O və tələbələri – Mehdi Rzayev, Əminə Hacıyeva, Fərid Məmmədli, Sevil Əsədullayeva, Anara Məmmədova, Mahnı Həsənzadə, Günel Qasımova – gürcü dilində akapella “Xaçuça Patara” və Emin Sabitoğlunun “Bayatılar” əsərlərini ifa ediblər( konsertmeyster Tural Yusubov)
Tədbir çərçivəsində abituriyentlər üçün nəzərdə tutulmuş Azərbaycan Milli Konservatoriyası haqqında bələdçi kitabçasının (buklet) təqdimatı keçirilib.
Tədbirin təşkilində qonaqların qarşılanması, məlumatlandırılması, bukletlərin paylanması, videoçəkiliş və digər təşkilati işlərdə fəallıq göstərən TEC və TGT nümayəndələrinə təşəkkür edilib.