Azərbaycan musiqi təhsili sisteminin inkişafında xidmətləri olan – Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, pedaqoq, ictimai xadim, Əməkdar incəsənət xadimi, “Əmək” ordenli, professor Nazim Kazım oğlu Kazımovun 75 illik yubileyi qeyd olunur.
Uzun illər musiqi sahəsində fəaliyyət göstərən, peşəkar ifaçıların və musiqiçi kadrların yetişdirilməsində əməyi olan Nazim Kazımov, bu təhsil ocağının ölkənin nüfuzlu orta ixtisas musiqi müəssisələrindən birinə çevrilməsində xidmətləri vardır. Onun rəhbərliyi dövründə kollecin tədris bazası gücləndirilmiş, tədris proqramları müasirləşdirilmiş və istedadlı gənclərin yetişdirilməsi üçün əlverişli şərait yaradılmışdır. Həmçinin, elmi və pedaqoji fəaliyyətini uğurla davam etdirən professor Nazim Kazımovun tədqiqat işləri də musiqi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Onun milli musiqi təhsili sisteminə verdiyi töhfələr, elmi-pedaqoji fəaliyyətindəki xidmətləri və yetirmələrinin uğurları musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynamaqda davam edir.
Azərbaycan musiqi təhsilinə verdiyi töhfələri yüksək qiymətləndirərək, Azərbaycan Milli Konservatoriyasının kollektivi adından professor Nazim Kazımovu yubileyi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.