Azərbaycan Milli Konservatoriyası ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
13 yanvar 2025-ci il tarixində AMK-nın Bakı zalında baş tutan imzalama mərasimində AMK və TİF-in rəhbərliyi, Kapital Bankın nümayəndələri, AMK-nın Elmi Şura üzvləri və professor-müəllim heyəti iştirak ediblər.
Görüş zamanı AMK-nın rektoru – əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə əvvəlcə Təhsilin İnkişafı Fonduna, Kapital Bank rəhbərliyinə, “VİSA” beynəlxalq ödəmə texnologiyaları şirkətinə minnətdarlığını bildirib, vahid tələbə kartlarının istifadəyə verilməsinin təhsil sahəsində mühim yeniliklərə imza atacağını və tələbələrin akademik və sosial imkanlarını genişləndirməyə kömək edəcəyini bildirib.
Həmçinin, bu müqavilənin AMK-nın 2025-ci ildə ilk əməkdaşlıq müqaviləsi olduğunu vurgulayub. Eyni zamanda qeyd edib ki, AMK bu il öz 25 illik yubileyi ərəfəsindədir, dörddə bir əsrdir fəaliyyət göstərən təhsil ocağı min əsrlik musiqi tarixçəsini yaşatmaq və tədris etməklə fərqlənir.
Çıxışın ardından Təhsilin İnkişafı Fondunun fəaliyyəti və yeni layihələri haqqında videoçarx izlənilib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov öz çıxışında “TələbəPlus”un imtiyazlarından bəhs edib və AMK ilə əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb. Elnur Nəsibov “TələbəPlus” kartının sahiblərinin alış-veriş mərkəzlərində, müxtəlif iaşə obyektlərində, eləcə də, Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında xüsusi güzəştlər əldə edəcəklərini vurğulayıb.
Müzakirələrdən sonra AMK- nın rektoru Kamilə Dadaş-zadə və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsini imzalayıblar.
Qeyd edək ki, TİF-in Kapital Bank və “VİSA” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “TələbəPlus” layihəsi vahid tələbə kartlarının tətbiq edilməsini nəzərdə tutur. Layihə çərçivəsində ilkin olaraq 700 tələbə kartının istifadəyə verilməsi planlaşdırılıb.