Anım tədbiri keçirilib
11 dekabr 2024-cü ildə Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günü keçirilib.
Tədbirdə ictimai-siyasi xadim Elmira Axundova, sənət adamları, AMK-nın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Azərbaycan Milli Konservatoriyasının rektoru, əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə tədbiri giriş sözü ilə açaraq, fenomen şəxsiyyətin həyat yolundan, fəaliyyətindən, məxsusilə də mədəniyyət sahəsində gördüyü işlərdən söz açıb. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra, Azərbaycan Respublikasının xalq yazıçısı, ictimai-siyasi xadim Elmira Axundovanın “Liderliyin fenomeni” adlı çıxışı dinlənilib.
Tədbirin bədii hissəsində sevilən sənətçilərin – xalq artisti İlqar Muradov; əməkdar artistlər Emil Əfrasiyab, Ramil Qasımov, Əliəhməd İbrahimov; əməkdar müəllim Naibə Şahməmmədova; sevilən xanəndə Güllü Muradova, Elvin Novruzov, Elvin Fəridli, Əvəz Muradov, İradə Fərzullayeva, tələbələr Nigar Rəhimova və Rəşad Həsənzadənin təqdimatında Heydər Əliyevin sevdiyi və ona ithaf olunan musiqi nömrələri səsləndirilib. Proqramda dahi Üzeyir Hacıbəylinin “Sənsiz” qəzəl-romansı, Cahangir Cahangirovun “Alagöz”, Sevil Əliyevanın “Xatirə”, bəstəkar Kamalın dillər əzbəri olan “Xalq Heydər söyləyəcək” əsərləri və “Küçələrə su səpmişəm” xalq mahnısı ifa olunub.
Azərbaycan Respublikasının əməkdar müəllimi Naibə Şahməmmədovanın müşayiəti ilə təqdim olunan “Heydər Əliyev – ömrün səhifələri” adlı videoçarxda Ulu öndərin həyat və fəaliyyətinin önəmli məqamları nümayiş etdirilib.
Leyla Əliyevanın Heydər Əliyevə həsr etdiyi “Elegiya” şeirinin qiraəti tədbirdə unudulmaz poeziya dəqiqələri yaradıb.
Musiqi və poeziyanın vəhdəti ilə Ulu öndərin əziz xatirəsi şükran və ehtiramla yad edilib.