28 oktyabrda Azərbaycan Milli Konservatoriyasının professoru, xalq artisti, prezident təqaüdçüsü, gözəl tarzən Möhlət Müslümovun Beynəlxalq Muğam Mərkəzində 70 yaş yubiley tədbiri keçirilib.
Azərbaycan milli mədəni sərvətimiz olan gözəl milli alətimiz tar musiqi alətinin əsrarəngiz ifaçıları ilə həmişə zəngin olub . Möhlət Müslümov da bu silsilədən olan gözəl sənətkarlarımızın davamçısıdir, dövrümüzün ən gözəl musiqicilərindən biridir. Onun ifasını dinləyən hər kəs musiqinin ecazkar dərinliyində özünü itirir və uzun müddət xoş təəsuratdan oyana bilmir.
Tar ifaçısı, Azərbaycan Respublikasının Xalq artisti Möhlət Müslümov Azərbaycan Milli Konservatoriyasının professorudur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri olmaqla yanaşı Azərbaycanın istedadlı, vətənsevər, musiqi sənətinin inkişafında çox xidmətləri olan bir sənətkardır.
Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq Artisti Siyavuş Kəriminin Milli Musiqinin təhsilinin inkişafı naminə gördüyü bir çox müqəddəs missiyalarından ən başlıcası bu cür gözəl sənətkarlarımızı bu təhsil ocağına dəvət etməsidir.
Bəli, Möhlət Müslüov kimi sənətkarların timsalında Azərbaycan Milli Konservatoriyası Musiqi məbədinə çevrildi . Hamının can atdığı öz musiqi savadını püxtələşdirmək üçün seçim etdiyi universitetlərdən biri oldu. Xalq artisti Möhlət Müslümov da bu ocağın bir hissəsi, gərəkli sənətkarlarımızdan biridir.
Möhlət Müslümov Azərbaycan musiqisini uzun illər boyu böyük məharət və ustalıqla dünyada təmsil edib. Azərbaycan Musiqisini və mənfur düşmənlərimizin mənimsəmək xülyaları olan tar Milli alətimizi bütün dünyaya Azərbaycan musiqi əsərləri ilə tanıdan və sevdirən bir sənətkardır. Onun beynəlxalq festivallarda, müsabiqələrdə çıxışları və yetirmələrinin çıxışları da hər birimizə məlumdur. Türkiyə, Rusiya, Fransa, ABŞ, Kanada, İngiltərə, İtaliya, Şotlandiya, Belçika, Macarıstan, Tailand, İsrail, Hindistan, Tunis, Mərakeş, Polşa, Ruminiya, Qətər, İordaniya, Nikaraqua, Kosta-Rika şəhərlərində Azərbaycan musiqisinin təbliği ilə yanaşı olaraq xarici ölkələrdə iyirmidən çox kompakt diski buraxılmışdır.
Möhlət Müslümov 2000-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüş, 2006-ci ildən Prezident mükafatçısı, 2009-cu ildən Azərbaycan Respublikasının Prezidentinin fərdi Təqaüdçüsüdür.
Uzun və gözəl sənət yolu keçmiş sənətkar Möhlət Müslümovun həyat yoluna nəzər salsaq onun sənət üçün son dərəcə fədakar olduğunun şahidi oluruq.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri şöbəsini tar ixtisası üzrə bitirdikdən sonra
1975-ci ildən Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrində solist, 1988-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Cabbar Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, 1988-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, baş müəllim vəzifələrində işləmişdir. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının Professorudur . Bütün fəaliyyəti dövründə Azərbaycan Milli Musiqisinin inkişafına həsr etmiş sənətkarımız bu gün 70-nə qədəm qoyur. Gözəl tarzən Möhlət Müslümovun ifalarının sədaları altında bu yazını bitirirəm. Onun Fikrət Əmirovun “Lay -Lay” musiqi əsərinin ifasının sehrində yazıram. Möhlət Müslümovu ifasında “Bayatı Şirazı”, “Zabul Segahı” dinlərkən musiqimizin ruhu və bu ruhu bizə məharətlə çatdıran Möhlət Müslümovla yalnız fəxr etmək olur, qürur duymaq olur. Azərbaycan Milli Konservatoriyasının rektoru və sənət qaynayan kollektivi adından sənətkarı təbrik edirik. Ona bundan sonra da Azərbaycan musiqisini dünyada təbliğində, tədrisində davam etməyi, gözəl ruh, gümrahlıq diləyirik.
Bundan əminəm ki, Azərbaycan Milli musiqisinin dəyərli daşıyıcısı olan, sənətkar oğlu olan Möhlət Müslümovun 70 illik yubileyi hər bir zaman sənətkarlara dəyər verən dövlətimiz tərəfindən təntənəli qeyd olunacaq. Möhlət Müslümov həm gözəl ailə başçısı, gözəl dost və həmkardır. Möhlət müəllim xatirələrinin birində dünyaya dil açdıqda belə musiqi ilə olduğunu vurğulayıb. Onun dediklərindən sevimli tar alətinə necə sonsuz bir məhəbbəti olduğunu görürürk .
İlk öncə Azərbaycan Milli Konservatoriyasının professoru olan ailə üzvümüz, xalq artisti Möhlət Müslümovu təbrik etməyi özümüzə borc bildik.
Xalq Artisti Möhlət Müslümov Xalqına,torpağına,dövlətinə,mədəniyyətinə, bağlı bir sənətkardır.Öz üzərində çalışaraq,hər gün gözəl zərgər məharətiylə bu sənəti ucaldan bir sənətkar musiqiçidir.
Onun müsahibəsində dediyi kimi 70 yaş bu mübarək və xoşbəxt günlərimizə təsadüf edən Möhlət müəllim Şuşada görüşüb gözəl yubleyinizi birgə qeyd edək.
Azərbaycan Musiqi tarixində sizin təkcə Çahangir Çahangirovun “Ana” əsərinin ifası ilə tarixin yaddaşına həkk olunmağınız var, gözəl sənətkarımız. Təbriklərimizi qəbul edin.