Elmı-tədqıqat laboratorıyaları
Azərbaycan Milli Konservatoriyası təsis edildikdən az sonra, artıq 2003-cü ildən AMK- da iki elmi-tədqiqat laboratoriyası fəaliyyətə başladı: “Milli musiqinin tədqiqi” və “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” laboratoriyaları. Təhsil Naziri Misir Mərdanovun 14.03.2003-cü il tarixli 224 saylı əmrinə əsasən təşkil olunan laboratoriyaların açılmasında əsas məqsəd milli musiqi tarixinin araşdırılması, xarici dillərdə olan elmi ədəbiyyatın tərcümə edilib elmi-tədqiqat işlərində istifadə olunması, eləcə də milli musiqi alətlərimizin tədqiq və təkmilləşdirilməsi işində irəliləyişlər əldə etmək idi.
“Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmək sənətşünaslıq doktoru, professor Sevil Fərhadovaya həvalə edildi. O, 2005-2011-ci illərdə laboratoriyaya rəhbərlik edərək buraya təcrübəli və tanınmış tədqiqatçıları cəlb etmişdir. Laboratoriya rəhbəri, baş elmi işçi, elmi işçi, kiçik elmi işçi, baş laborant və laborant vəzifələri üzrə əməkdaşlar işə başlayaraq bir sıra uğurlu nəticələr əldə edə bilmişlər. 2011-2018-ci illərdə laboratoriyaya sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nın professoru Abbasqulu Nəcəfzadə rəhbərlik edərək nəzərdə tutulmuş elmi-tədqiqat istiqamətini uğurla davam etdirmişdi.
Laboratoriya fəaliyyət göstərdiyi zaman bir sıra unudulmuş musiqi folklorunun, irsinin öncə bərpası, sonda qorunub saxlanılması və elmi-tədqiqata cəlb olunması istiqamətində çalışaraq milli musiqinin inkişafı üçün diaqnostika və proqnozlaşdırmanın elmi tələblərə uyğun şəkildə hazırlanılması və ümumi musiqi tədqiqinin metodoloji konsepsiyasının işlənilməsi məsələlərini diqqət nəzərində saxlamağa çalışmışdır. AMK-nın beynəlxalq elm və tədris ocağına çevrilməsi istiqamətində təkliflər, tədbirlər və fəaliyyət konsepsiyası planının AMK-nın elmi-tədqiqat laboratoriyalarının çalışması nəticəsində yaranmış tədqiqat işləri hazırlanması nəticədə bütün Azərbaycan musiqi elminin inkişafına xidmət etməli idi. İstər Azərbaycanın müxtəlif regionlarına, istərsə də, azərbaycanlıların kompakt halda yaşadıqları bir sıra xarici ölkələrə (İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Rusiya və s.) ekspedisiya səfərlərinin təşkil edilməsi, eləcə də etnoqrafik musiqi nümunələrinin toplanması və etnoqrafik konsertlərin təşkil olunması elmi işçilərin diqqət-nəzərində saxladığı ən vacib məsələlərdən biridir.
Bunun üçün milli musiqi nümunələrinin notlaşdırılması ilə yanaşı Orta əsrlərdə yazılmış risalələrin, əlyazmaların Azərbaycanda, yaxud xarici ölkələrdə əldə olunması və tərcümə edilərək nəşrə hazırlanması çox önəmlidir. Tədqiqat nəticəsində əldə edilən qiymətli materiallar elmi diskusiyalar, seminarlar, dəyirmi masalar və konfransların gedişatında ictimailəşdirilərək müzakirə edilir.
Bu məqsədlə laboratoriyanın əməkdaşları həm respublikada, həm də onun hüdudlarından kənarda elmi məqalələrini dərc edərək dünya elmi ilə ayaqlaşmağa çalışır və milli musiqimizin təbliği işində uğurla irəliləyirlər.
Bu illər ərzində 2009-cu ildən bəri dərc edilən “Konservatoriya” elmi jurnalının tərtibi, məqalələrin redaktəsi və çapa hazırlanması işi də elmi laboratoriyaların əməkdaşlarının üzərinə düşüb. Təsis olunduğu gündən bu jurnal respublikada muğamşünaslıq, aşıqşünaslıq və etnomusiqişünaslığı prioritetdə saxlayan bir dərgi kimi tanınıb.
Laboratoriyanın əməkdaşları musiqi folkloru nümunələrini toplamaq məqsədi ilə ölkənin müxtəlif regionlarına və azərbaycanlıların kompakt yaşadıqları bir sıra xarici ölkələrə vaxtaşırı ekspedisiya səfərinə yollanırlar. Azərbaycan Milli Konservatoriyasının “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasının elmi işçiləri üçün illik iş planı tərtib edilir, onların görəcəkləri işlər və tədqiq edəcəkləri mövzular müəyyənləşdirilir.
Əməkdaşlar hər 3 aydan bir özündə milli musiqimizi tam əhatə edən, hər hansı problemin həllini tapan, elmi nəticələr verən məqalələr işləyib hazırlamalıdır. Mövzuların əhatə dairəsi geniş olmalı, ümumilikdə milli musiqimizin bütün janrlarına (rəqs, muğam, aşıq, meyxana və s.) müraciət olunmalıdır. Hər bir əməkdaş hazırladıqları məqalələr və gördükləri işlər haqqında ilin sonunda yazılı şəkildə hesabat verir. Laboratoriyada işlənilən hər hansı məqalə müəllifin uzun elmi axtarışlarından sonra ərsəyə gəlir.
“Milli musiqinin tədqiqi” laboratoriyası 2018-ci ildən etibarən fəaliyyətini saxlayıb. Hazırda AMK-da cəmi bir laboratoriya, “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyası öz işini davam etməkdədir.