5 apreldə
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Naxçıvan Dövlət Universiteti ilə birgə əməkdaşlıgi davam etdirmək məqsədi ilə Naxçıvanda səfərdə olub. Səfər çərçivəsində o Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb.
Aprelin 5-də baş tutan bu görüşdə eyni zamanda AMK nın populyar musiqi və caz ifaçılığı kafedrasının müdiri Emil Əfrasiyab, rektorun müşaviri Riad Quliyev də iştirak edib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfl Azərbaycan Milli Konservatoriyasını və Naxçıvan Dövlət Universitetinin əməkdaşlıgini çox müsbət qiymətləndirib. Naxçıvan Dövlət Universitetinin çox ciddi platforma olduğunu deyən səlahiyyətli nümayəndə Fuad Nəcəfli bu potensialdan geniş istifadə olunması üçün mühüm addımlar atıldığını diqqətə çatdırıb. Fuad Nəcəfli qeyd edib ki, 11 prioritet istiqamət üzrə icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universitetinin fəaliyyət imkanlarının genişləndirilməsi də əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Ali təhsil ocağı üçün yeni tədris korpusu tikiləcək, ingilis dilində tibb ixtisası üzrə tədris imkanları yaradılacaq.
Xalq artisti Siyavuş Kərimi Naxçıvanın mədəni həyatında baş verən inkişaf proseslərini yüksək dəyərləndirərək bu prosesdə fəal iştirak etmək istədiklərini diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə Naxçıvan Dövlət Universiteti ilə ilkin müqavilə imzalanıb. Razılaşmaya əsasən Milli Konservatoriyanın məzunları Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə təmin olunacaqlar. Eyni zamanda qarşılıqlı tələbə və müəllim mübadiləsi aparılacaq.Öz tələbələrini məzun olduqdan sonra belə düşünən rektor Naxçıvan Dövlət Universiteti ilə birgə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı böyük bir layihə üzərində işlədiklərini də bildirib . Siyavuş Kərimi vurğulayıb ki, budəfəki səfər çərçivəsində əməkdar artist, məşhur cazmen Emil Əfrasiyabla birlikdə ali təhsil ocağının yaradıcı kollektivləri ilə görüşlər keçirilib, ustad dərsləri təşkil olunub, mövcud potensial yüksək qiymətləndirilib.
Görüşdə iştirak edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Milli Konservatoriya ilə birgə əməkdaşlıq çərçivəsində görüləcək işlər barədə məlumat verib. Görüs dostluq və əməkdaşlıq notları ilə sona çatıb.