Dekabrın 9-da Azərbaycan Milli Konservatoriyasının böyük zalında görkəmli bəstəkar, Xalq artisti Sərdar Fərəcovun 65 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Tədbirdə rektor, Xalq Artisti, professor Siyavuş Kərimi Açılış nitqi söyləyib.
Rektor, S. Fərəcovun zəngin yaradıcılıq yolundan danışıb. Bəstəkarın konservatoriyadakı uğurlu fəaliyyətini vurğulayıb. Onunla bağlı xoş xatirələrindən söhbət açıb. Çıxışın ardından S. Kərimi bəstəkarı səhnəyə dəvət edərək onu təbrik edib.
Daha sonra tədbirin bədii hissəsinə start verilib.
Bildirilıb ki, S. Fərəcov səhnə üçün yazılan musiqilərdən kiçik miniatürlərə qədər müxtəlif janrlarda əsərlər yazıb. O, kamera-instrumental, vokal, vokal-simfonik və xor üçün yazılmış əsərlərin, simfonik, opera əsərlərinin, musiqili komediyaların, eləcə də musiqili teatr səhnələri üçün və kino musiqilərinə həsr olunmuş əsərlərin müəllifidir. Hazırda Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru vəzifəsində çalışan S.Fərəcovun yaradıcılığında ən önəmli və vacib yerlərdən birini dahi bəstəkarımızın bəzi əsərlərinin işləmələri və yenidən bərpası tutur.
Qeyd edilib ki, bəstəkarın əsərləri musiqinin parlaqlığı, romantikliyi, qeyri-adi melodik dili ilə seçilir. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ölkələrində müxtəlif ansambllar və ifaçılar tərəfindən səsləndirilib. Sərdar Fərəcov bir bəstəkar, tədqiqatçı olmaqla yanaşı həmçinin ədəbi yaradıcılıqla da məşğul olur. Onun 1000-dən artıq şeiri, hekayələri, səhnə əsəri, librettosu, ssenarisi vardır – Üzeyir Hacıbəyliyə həsr olunmuş “Azərbaycantelefilmin” çəkdiyi “Əbədi iftixarımız”(2010), “Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar ittifaqı” (2014) filmlərinin ssenari müəllifidir.
Sonra yubilyar bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.