Fevralın 14-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti Siyavuş Kərimi Yaponiyanın ölkəmizdəki səfirliyinin Mədəniyyət, Təhsil və İctimai əlaqələr şöbəsinin rəhbəri Daiki İşikava ilə görüşüb.

 

Görüşdə rektorla bərabər, AMK Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Əməkdar incəsənət xadimi Cahangir Zəlimxanov, Dirijorluq kafedrasının müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dosent Təranə Yusifova da iştirak etdi.

 

İki ölkə arasındakı əlaqələrin, xüsusilə də təhsil sahəsindəki əməkdaşlığın müzakirə olunduğu görüşdə tələbə mübadiləsi sahəsində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsindən danışıldı.

 

Rektor S. Kərimi ilk olaraq qonağı salamladı və onu Konservatoriyada görməkdən məmnun olduğunu bildirdi. Ötən illər ərzində də Yaponiya səfirliyi ilə əlaqələrin sıx olduğunu bildirən rektor, “Münasibətlərin qorunub saxlanılması mədəniyyətlərin yaxınlaşmasına və paylaşılmasına xidmət edir və bu, məni maraqlandıran əsas məsələlərdən biridir” deyə vurğuladı. S. Kərimi, xüsusilə təhsil sahəsində münasibətlərin daha da yaxınlaşmasnın tərəfdarı olduğunu ifadə etdi və birgə hərəkətin yaxşı nəticələr gətirəcəyini söylədi.

 

D. İşikava da öz növbəsində görüşə görə rektora təşəkkürünü bildirdi. O, da təhsil sahəsində yaponiyalı tələbə və müəllimlərin ixtisaslarını daha da gücləndirmək məqsədilə Konservatoriyaya dəvət olunmasına dəsdək verəcəyini söylədi.

 

Qeyd olundu ki, 2020-ci il hər iki müəsisənin 20 illik yubileyi qeyd olunur və bu səbəbdən birgə layihə və ya tədbir mütləq görsənən məsələlərdən biridir.

 

Daha sonra fevralın 27-də Yapon imperatorunun doğum günü münasibətilə təşkil olunacaq rəsmi ziyafətdə Milli Konservatoriyanın Tələbə xorunun çıxışı müzakirə olundu. Qeyd edək ki, həmin tədbirdə dirijor Təranə Yusifovanın bədii rəhbərliyi ilə AMK-nın tələbə xoru Azərbaycan Respublikası və Yaponiyanın himnini səsləndirəcək.