Yanvarın 17-də Azərbaycan Milli Konservatoriyasında (AMK) 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirib.

 

Tədbirdə AMK-nın rektoru Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Əvvəlcə tədbir iştirakçıları 1990-cı ilin Qanlı Yanvar hadisələrindən bəhs edən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən hazırlanmış vidoçarxı izləyiblər.

 

Vidoçarxın ardından şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra rektor, S. Kərimi çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı fikrilərini bölüşüb, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. O, 30 illik tarixi olan həmin gecəyə qısa ekskurs edib və bu faciəli tarixin xalqımızın yaddaşına əbədi həkk olunduğunu söyləyib.

 

Rektor, çıxışının ardından sözü tədbirin qonaq iştirakçısı, Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidiyə verib.

 

S. Tohidi əhatəli çxıışında daha çox Azərbaycan-Ermənistan münaqişəsinin tarixinə toxunub. O, XX əsrin əvvəllərindən sonuna qədər Ermənistan qüvvələrinin Azərbaycan xalqına qarşı olan düşmən münasibətinin tarixindən danışıb. Bildirib ki, hələ ilk illərdən Azərbaycanın ziyalı nümayəndələri əsrin əvvəllərindən yaranan bu münaqişəni nə qədər sülhə doğru aparmağa çalışsalar da qarşı tərəf əksinə, hər zaman öz çıxışları ilə Azərbaycan xalqını tərki silah etməyə çağırmış, daim düşmən mövqeyi ilə münaqişəni daha da alovlandırmışdır.

 

S. Tohidi tarixən baş verən hadisələrlə bağlı geniş izahında, Qarabağ münaqişəsinə və 20 Yanvar faciəsinə toxunaraq ötən əsrdə Azərbaycanın meydanda tək başına hansı mübarizələr içərisində olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Professorun çıxışı tədbir iştirakçılarının böyük marağına səbəb olub.

 

Tədbirin sonunda AMK-nın “Milli vokal” kafedrasının müdiri, Xalq artisti Azər Zeynalov çıxış edərək “Şuşa” əsərini ifa edib.