Dekabrın 18-də Azərbaycan Milli Konservatoriyasında ölkəmizdə ilk dəfə olaraq Mədəniyyət kanalının yeni layihəsi – klassik vokalçıların ümumrespublika festivalı çərçivəsində konsert keçirilib.

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Mədəniyyət kanalının direktoru, Əməkdar artist Ramil Qasımov, konservatoriyanın professor-müəllim heyyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Giriş nitqi söyləyən rektor S. Kərimi, Mədəniyyət kanalının vokal ifaçıları ilə bağlı bu layihəsinin təqdirə layiq oluduğunu söyləyib və festivalın işinə uğurlar arzulayıb. Daha sonra Əməkdar artist R. Qasımov çıxış edərək festivalın əhatəsi və məqsədi barədə danışıb, onun əhəmiyyətini diqqətə çatdırıb.

 

Tədbir bədii hissə ilə davam edib. Milli Konservatoriyanın müəllim və tələbələri, xor kollektivi Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələrini izləyicilərə təqdim ediblər.

 

“Milli vokal” kafedrasının rəhbəri, Xalq artisti Azər Zeynalovun təqdimatında tanınmış vokal ifaçıları, konservatoriyanın müəllimləri,  Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artistlər Anar Şuşalı, Aygün Zeynalova, Əliəhməd İbrahimov, Zenfira İsmayılova və Elenura Mustafayevanın, habelə istedadlı tələbələrin çıxışları yer alıb.

 

Konsert böyük maraqla qarşılanıb.

 

Qeyd edək ki, festival geniş konsert proqramları ilə bütün respublikanı əhatə edir və 24 dekabr tarixinədək davam edəcəkdir.