Sentyabrın 18-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Konservatoriyası arasında anlaşma memorandumu imzalanıb.

 

Memorandum mədəniyyət və irsin qorunması, araşdırılması və təbliğ edilməsinə dair oxşar vəzifələri paylaşmaq və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq etmək məqsədilə imzalanıb.

 

Memorandumu AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva imzalayıblar.

 

Rektor Siyavuş Kərimi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək deyib: “İnanıram ki, imzaladığımız memorandum əsasında uğurlu layihələr icra edəcəyik. Memorandum konservatoriyamızın müəllim heyətinin və tələbələrinin qarşısında müvafiq sahələr üzrə perspektivlər açacaq”.

 

Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Milli Konservatoriyasının əməkdaşlıq üçün böyük potensialı olduğunu vurğulayaraq deyib: “Düşünürəm ki, bu əməkdaşlıq həm türk dünyası, həm Azərbaycan üçün gözəl nəticələr verəcək”.

 

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yarandığı qısa müddət ərzində uğurlu fəaliyyəti, maraqlı layihələri ilə yadda qalıb.

 

“İnanıram ki, fond bundan sonra da türk dünyasının mədəniyyətinin və mədəni irsinin dünyaya tanıdılmasında mühüm addımlara imza atacaq”, – deyə səfir Erkan Özoral qeyd edib.

 

Tədbir AMK-nın  müəllimi, Əməkdar artist Şəhriyar İmanov və tələbələrin konsert proqramı ilə davam edib.