Mayın 29-da Azərbaycan Milli Konservatoriyasında (AMK) “Azərbaycan xalq rəqsi melodiyaları” adlı tədbir keçirilib. Tədbirdə AMK-nın “İnstrumental muğam” kafedrasının müəllim və tələbələrinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi giriş nitqi söyləyib.

 

Rektor, AMK-da yaradılan “İnstrumental muğam” kafedrasının çox vacib və əhəmiyyətli bir işi apardığını bildirib. Qeyd edib ki, istər muğamlarımızın istərsə də xalq rəqsləri və mahnılarının peşəkar ifaçılarının yetişməsi üçün bu kafedranın rolu böyükdür. “Burada ölkəmizin görkəmli, tanınmış ifaçıları dərs deyirlər və onların hər biri milli muğamlarımızın tarixi və nəzəriyyəsini çox dərindən bilən peşəkarlardır. Artıq uzun illərdir ki, işlər aparılır və biz, səhnədə tələbələrin ifasında qüsursuz ifalar dinləyə bilirik. Bu, instrumental ifaçılığın inkişafı və güclənməsi deməkdir ki, hər birimiz də buna ürəkdən sevinirik” deyə rektor bildirib. Rektor daha sonra Azərbaycan xalq rəqsi melodiyalarından söhbət açıb və bu  musiqini böyük sevgi ilə dinlədiyini vurğulayıb. Yayım üçün konsertin tam çəkilişini öz üzərinə götürən Azərbaycan Dövlət Televiziyası Mədəniyyət kanalına təşəkkürünü bildirib.

 

Daha sonra kafedranın müəllim və tələbələrinin ifasında geniş konsert proqramı təqdim olunub.

 

Kafedranın müəllimləri, Əməkdar artistlər Malik Mansurov (kafedranın müdiri), Şirzad Fətəliyev, Elçin Haşimov, Elnur Əhmədov, Elşən Mansurov, Kamran Kərimov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Əliyevin ifasında Azərbaycan xalq rəqsi melodiyaları və muğamları böyük maraqla dinlənilib.