Azərbaycan Milli Konservatoriyasının (AMK) tələbəsi Amerika Birləşmiş Ştatlarında keçirilən Beynəlxalq müsabiqənin qalibi olub.
AMK-nın Xalq çalğı alətləri – Balaban ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi Anar Vəlizadə aprelin 21-də ABŞ-ın New York şəhərində keçirilən “American protégé” Beynəlxalq musiqi müsabiqəsində 1-ci yerə layiq görülüb.
Dünyanın müxtəlif ölkələrindən 40-dan çox iştirakçının qatıldığı müsabiqədə Anar Vəlizadə, Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Cahangir Cahangirovun – “Aylı gecələr” əsərini ifa edib. Əsərdə Anarı AMK-nın müəllimi, Prezident təqaüdçüsü Minirə Nəcəfzadə müşaiət edib. Təqdim olunan ifa, münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin baş mükafatı -1-ci yerə layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Respublikasi Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Milli Konservatoriya və AZAL Hava Yolları birgə çalışaraq Anarın müsabiqədə iştirakını təmin ediblər.
Anarın Milli Konservatoriyadakı ixtisas müəllimi, Əməkdar artist İlham Nəcəfov , musiqi tədrisi və tələbənin Carnegie Hall-da uğurlu çıxışı münasibətilə Diplomla təltif olunub. Xatırladaq ki, bu, Əməkdar artistə Carnegie Hall təfəindən təqdim olunmuş 3-cü Diplom mükafatıdır.