Aprelin 11-də Azərbaycan Milli Konservatoriyasında amerikalı bəstəkar-müğənni Toni Memmelinin solo konserti keçirilib.

 

Tədbir Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin “İncəsənət elçisi” proqramı çərçivəsində təşkil olunub.

 

ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer tədbirdə iştirak edib. Konsertdən öncə səfir konservatoriyada aparılan dərs prosesi ilə yaxından tanış olub.

 

Tədbir AMK-nın Beyləlxalq əlaqələr departamentinin rəhbəri Cahangir Səlimxanovun nitqi ilə açıq elan edilib. C. Səlimxanov qonaqları salamlayıb və iki ölkə arasındakı mədəni əlaqərin inkişafında belə tədbirlərin rolunun böyük olduğunu diqqətə çatdırıb. O, ABŞ səfirliyi ilə birgə belə bir tədbirin konservatoriyada təşkil olunmasından şərəf hissi duyduğunu söyləyib.

 

Daha sonra səfir Örl Litzenberqer çıxış üçün səhnəyə dəvət olunub. Səfir iki ölkə arasında digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin gündən-günə inkişaf etdiyini söyləyib. Bildirib ki, “İncəsənət elçisi” proqramı çərçivəsində Amerika musiqiçilərinin mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün dünyanın müxtəlif ölkələrinə səfərləri təşkil edilir. Qeyd edilib ki, Toni Memmeli fiziki əngəlli musiqiçidir və onun proqramı fiziki əngəlli insanların və onların məhdudiyyətsiz potensialının olmasını göstərir.

 

Çıxışın ardından müğənni Tonİ Memmel səhnəyə dəvət olunub və konsert başlayıb. İfaçı, müəllifi olduğu mahnıları və dünya musiqisindən tanınmış əsərləri səsləndirib. Toni Memmelin ifasında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısı böyük maraqla qarşılanıb. Bu əsərdə ifaçını AMK-nın müəllimləri, tarzən Arslan Növrəsli və vokal ifaçısı Emin Zeynallı müşaiət ediblər.

 

Qeyd edək ki, Toni Memmel anadangəlmə dirsəkdən aşağı qolunun olmamasına baxmayaraq, gitarada ifa etməyi təkbaşına öyrənib. O, davamlı şəkildə həyata keçirilən geniş qastrollarda iştirak nəticəsində ABŞ-ın 45 ştatı və 10 xarici ölkəyə səyahət edərək konsertlər verib. Cənab Memmel bu günə qədər 4 böyük və 2 kiçik həcmli albom ərsəyə gətirib və musiqi yolu ilə mədəni əlaqələr qurmaq üçün məktəb, xəstəxana və uşaq evlərində bir çox konsertlər verib. O, həmçinin musiqi sahəsində bakalavr dərəcəsini qazanaraq klassik vokal üzrə ixtisaslaşıb.