Oktyabrın 10-da Azərbaycan Milli Konservatoriyasının (AMK) Böyük zalında Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının layihəsi olan “Xalq Mahnıları Festivalı” çərçivəsində növbəti konsert keçirilib.
Konsertdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Mədəniyyət kanalının direktoru, Əməkdar artist Ramil Qasımov, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Murad Hüseynov, Konservatoriyanın professor-müəllim heyəti və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Tədbirdə Xalq artisti S.Kərimi və Əməkdar artist R.Qasımov çıxış edərək festivalın işinə uğurlar arzulayıb, Azərbaycan xalq mahnılarının təbliğatı istiqatəmində aparılan tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Böyük maraqla qarşılanan konsertdə AMK-nın tələbələri Azərbaycanın Xalq mahnılarını ifa ediblər. Tədbirdə AMK-nın Tələbə Gənclər Təşkilatının fəal iştirakı olub.
Qeyd edək ki, oktyabrın 12-dək davam edəcək festival “Mədəniyyət” kanalının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Festival çərçivəsində tədbirlər Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilir.