Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Azərbaycan Milli Konservatoriyasının (AMK) birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Vətən nəğməsi” adlı yeni müştərək layihəyə start verilib.
İyunun 11-də baş tutan layihənin ilk tədbiri AMK-nın həyətində – açıq səma altında olub.
Tədbirdə Azərbaycan Televiziyası Niyazi adına Simfonik Orkestri, AMK-nın Tələbə xoru, Azərbaycan Dövlət Akademik Filarmoniyası nəzdində Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu və AMK-nın professor-müəllim heyətindən ibarət tanınmış incəsənət xadimləri iştirak ediblər. Tədbirdə həmçinin AMK nəznində İncəsənət Gimnaziyasının müəllim- şagird heyəti və konservatoriyanın tələbələri tamaşaçı qismində iştirak ediblər.
Əməkdar artist Ramil Qasımovun ifasında səsləndirilən, musiqisi Tofiq Quliyevə, sözləri isə Vaqif Nəsibə aid olan “Vətən nəğməsi” adlı mahnı, Azərbaycan Televiziyası tərəfindən video qeydə alınıb.
Qeyd edək ki, Layihənin bədii rəhbəri Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədir Arif Alışanov, musiqi rəhbəri isə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimidir. Tədbirin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Etibar Babayev, səs rejissoru Faiq Babayevdir.