Aprelin 17-də Azərbaycan Milli Konservatoriyasında (AMK) AMK Tələbə Gənclər Təşkilatının  təşəbbüsü ilə konservatoriyanın II kurs tələbəsi Əli Əliyevin rejissoru olduğu “TUNEL” filminin təqdimatı keçirilib.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundovun yaxınları və konservatoriyanın professor-müəllim, tələbə heyəti iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Əli Əliyev film haqqında məlumat verib. Çəkilişlərin Rusiyanın Sankt-Peterburq şəhəri və Azərbaycanın bir neçə bölgələrində aparıldığını söyləyən AMK-nın tələbəsi filmin iş prosesinin ağır keçdiyini lakin böyük fərəh hissi ilə bu filmə yanaşdıqlarını dilə gətirib.

 

Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və filmin Aprel döyüşlərinə həsr edilmiş hissəsi nümayiş olunub.

 

Rektor Siyavuş Kərimi və şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova tədbirdə çıxış ediblər.

 

Bildirilib ki, gənclərin vətənpərvərlik mövzusuna müraciət etməsi təqdirə layiqdir və tezliklə düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad ediləcəkdir.