Dekabrın 22-də Azərbaycan Milli Konservatoriyasında (AMK) konservatoriyanın I kurs magistr (Xalq çalğı alətləri – tar) tələbəsi İsmayıl Zülfüqarovun “Aura” adlı solo konserti keçirilib.
Konsertdə AMK-nın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.
İfaçının, müəllimi Şəhriyar İmanovla birgə səsləndirdiyi ilk çıxışla konsertə start verilib.
Konsertdə muğam, caz və estrada janrlarında əsərlər səsləndirilib. İsmayıl Zülfüqarovun ilk dəfə təqdim etdiyi öz əsərləri də izləyicilər tərəfindən maraqla qarşılanıb.
Konsertdə AMK-nın tədris işləri üzrə prorektoru, professor Malik Quliyev çıxış edərək rektor, Xalq artisti Siyavuş Kəriminin təbrikini musiqi kollektivinə çatdırıb. Malik Quliyev bildirib ki, Xalq çalğı alətləri ixtisası üzrə tədris artıq uzun illərdir ki, öz müsbət nəticəsini verməkdədir. Bu gün İsmayıl və onun kimi digər bir çox istedadlı gənclərin Azərbaycan səhnəsində uğurlu çıxışları buna bariz nümunədir. Bunun üçün biz, görkəmli tarzənlərimizə minnətdarıq. Onların pedaqoji fəaliyyəti nəticəsində bu gənclər belə səviyyəyə gəlib çatıblar.