Oktyabrın 13-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, professor Siyavuş Kərimi, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Salut Talantov” VII Beynəlxalq Musiqi Festivalında 1-ci yerə laiq görülən AMK-nın İfaçılıq (Xalq Çalğı Alətləri – Tar) fakültəsinin III kurs tələbəsi Orxan Zeynalov və konservatoriyanın müəllimi Nərmin İsgəndərova (Fortepiano) ilə görüşüb.

 

Rektor, professor Siyavuş Kərimi ilk olaraq AMK-nın hər iki üzvünü qalibiyyət münasibəti ilə təbrik edib. Daha sonra bildirib ki, dünya musiqi festivallarında iştirak olduqca düzgün addım, orada qalib olmaq isə həm konservatoriya həm də mədəniyyətimiz üçün böyük uğurdur. Yaradıcıllığa olan belə münasibətin onu sevindirdiyini söyləyən professor S.Kərimi, “Tələbələrin bu yöndə özlərini inkişaf etdirməsi və dünya mədəniyyətində öz sənətini sərgiləyə bilməsi üçün əlimizdən gələn hər dəstəyi göstərməyə hazırıq” deyə bildirib.

 

Qeyd edək ki, O.Zeynalov və N.İsgəndərova 8-9 oktyabr 2017-ci il tarixində Sankt-Peterburq şəhərində keçirilən “Salut Talantov” VII Beynəlxalq Musiqi Festivalında Səid Rüstəmov və Tofiq Quliyevin “Qaytağı” əsərlərini ifa ediblər.

 

Ümumilikdə 45 ölkədən 850 iştirakçının qatıldığı festivalın ilk günündə təmsilçilərimiz 1-ci yerə laiq görülərək Qala konsertə dəvət alan 25 iştirakçı siyahısına daxil ola biliblər. Qala konsertdə uğurlu çıxışla yadda qalan O.Zeynalov və N.İsgəndərova professional ifaçılıq və artistizmə görə xüsusi ‘Diplom’la təltif olunublar.

 

Xatırladaq ki, Orxan Zeynalov AMK-nın dosenti Əməkdar müəllim Yusif Vəliyevin tələbəsidir.