5 mart 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyası və onun nəzdində fəaliyyət göstərən Musiqi Kolleci, Sumqayıt Musiqi Kolleci və İncəsənət Gimnaziyasının müəllim, tələbə və şagirdlərinin iştirakı ilə “Xoş Sədalı Gələcək” adlı konsert proqramı baş tutub.
Tədbir çərçivəsində ilk olaraq, AMK nəzdindəki İncəsənət Gimnaziyasının Rəssamlıq şöbəsinin təşkilatçılığı ilə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş sərgi nümayiş etdirilib. Daha sonra Xoreoqrafiya şöbəsinin şagirdlərinin ifasında rəqs nümunələri təqdim edilib.
Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-Zadə AMK və onun nəzdindəki müəssisələrin Azərbaycanda musiqi təhsilinin inkişafına verdiyi töhfələrdən geniş bəhs edib. Çıxışında bildirib ki, tədbirin davamı olaraq cari ilin may ayında Azərbaycan Milli Konservatoriyasında açıq qapı günləri təşkil ediləcək. Açıq qapı günlərinin əsas məqsədi gənc nəsildə AMK-nın tədris fəaliyyəti haqqında dolğun təsəvvür yaratmaqdır. Rektor çıxışının sonunda tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Bədii hissədə Azərbaycan Milli Konservatoriyası və onun nəzdində fəaliyyət göstərən Musiqi Kolleci, Sumqayıt Musiqi Kolleci və İncəsənət Gimnaziyasının müəllim, tələbə və şagirdlərinin ifasında milli və xarici bəstəkarların əsərlərindən ibarət musiqi nümunələri təqdim olunub. Həmçinin, müxtəlif janrların və musiqi üslublarının sintezindən ibarət kompozisiyalar səsləndirilib. Tədbir çərçivəsində kolleclərin və gimnaziyanın tarixi, fəaliyyəti və uğurlarını əks etdirən videoçarxlar da təqdim olunub.