30 yanvar 2025-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələri “Əhsən” televiziya müsabiqəsinin finalçılarından ibarət konsertdə çıxış ediblər.
Tədbirdə “Muğam” instrumental ansamblının təqdimatında “Rast” və “Mirzə Hüseyn” dəramədləri, “Çahargah”, “Nağıl”, “Duyğu, həyəcan və sevinc” kompozisiyaları, “Qara qaşın vəsməsi” xalq mahnısı, Ə. Dadaşovun “Vilayəti” və “Dilkeş” rəngləri ansamblın bədii rəhbəri, tarzən Rəşad İbrahimovun işləməsi ilə səsləndirilib.
Gecənin xüsusi qonağı isə Azərbaycan Respublikasının əməkdar artisti Təyyar Bayramov olub. Sənətçinin ifası tamaşaçılar tərəfindən xüsusi diqqətlə qarşılanıb.
Tarda Rəşad İbrahimov, tar və bas tarda Nihad Qədirli, kamançada Təbriz Yusubov və Səid Cabbarlı, balabanda Pərviz Mirzəyev, qanunda Solmaz Rəhimova, pianoda Ceyhun Qurbanov, udda Yavər Zəndəbadi və Xəyyam Cabbarlı, nağarada Vüsal Bayramov və Səyyar Teymurov, zərb alətlərində isə Aydın Muradlı peşəkar ifaları ilə gecəni müşayiət ediblər.
Ansamblın ifaları ilə yanaşı, kollektivin müşayiəti ilə Rəşad İbrahimov, Təbriz Yusubov və Pərviz Mirzəyevin solo ifaları da dinlənilib.
Azərbaycan Milli Konservatoriyasının kollektivi adından bütün ifaçıları təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!