28 oktyabr 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında belçikalı barabançı, bəstəkar, “URBEX”, “URBEX Electric” və “Next.Ape” kimi yenilikçi layihələrin müəllifi və rəhbəri Antuan Pyer tərəfindən ustad dərsi keçirilib.
Tədbirdə AMK-nın rektoru, professor Kamilə Dadaş-zadə, Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jülyen de Frepon, səfirliyin nümayəndələri, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Ustad dərsi çərçivəsində Antuan Pyer zərb alətlərinin ifa texnikası və improvizasiya prinsiplərinin tətbiqi aspektlərini canlı ifalar və ətraflı məlumatlarla təqdim edib. Eyni zamanda, Konservatoriyanın tələbələri Səyyar Teymurov, Səbuhi İsmayılov, Seymur Şükürov, Vüqar Nəcəfov, Cəbrayıl Cəbrayılov, Rəhman Qədimov və məzun Aydın Muradlı zərb alətlərində Azərbaycan milli musiqisinin ritmik xüsusiyyətlərini nümayiş etdiriblər. Sonda ustad və tələbələrin birgə ifasının sintezi əsasında zərb alətlərinin tembral müxtəlifliyini önə çıxaran ifalar səsləndirilib.







