26 sentyabr 2025-ci ildə milli musiqimizin fenomenal şəxsiyyəti, Azərbaycan mədəniyyətinin əvəzolunmaz dühası Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” adlı beynəlxalq elmi simpozium uğurla başa çatdı.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA Folklor İnstitutu və Azərbaycan Milli Konservatoriyasının birgə təşkil etdiyi elmi simpoziumun ikinci günü üç panel üzrə cərəyan edib.
“Üzeyir Hacıbəyli irsi və müasir baxışlar” mövzulu panelin moderatoru sənətşünaslıq doktoru, professor Abbasqulu Nəcəfzadə, “Türk xalqlarının ənənəvi musiqisi müasir elmi paradiqmanın obyekti kimi” mövzulu panelin moderatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Manafova, “Aşıq Ələsgər irsi və Qərbi Azərbaycanın etnomədəni mühiti” mövzulu panelin moderatoru isə sənətşünaslıq doktoru, professor Jabbor Eshonqulov olub.
Hər üç paneldə Azərbaycan mədəniyyətinin görkəmli simaları – Aşıq Ələsgər və Üzeyir Hacıbəyli yaradıcılığı elmi-nəzəri müstəvidə təhlil edilib, türk dünyasının tanınmış alim və musiqişünasları mövzu ətrafında dərin məzmunlu çıxışlarla müzakirələrə töhfə veriblər. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Simpozium öz işini uğurla başa çatdırdıqdan sonra qonaqlar AMK – nın foyesində qədim musiqi alətlərindən ibarət ekspozisiyanın qarşısında AMK-nın tələbələrindən ibarət “Miras” qədim musiqi alətləri ansamblının ifasında Ə. Marağayinin “Hüseyni bəstə” əsərini dinləyiblər.
Ardınca Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında bağlanış mərasimi keçirilib.
Konsert proqramına başlamazdan əvvəl Azərbaycan Milli Konservatoriyasının Elm, innovasiya və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Lalə Hüseynovanın təqdimatı ilə rəsmilərin çıxışı dinlənilib. İlk olaraq, AMK-nın rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə çıxışında qeyd edib ki, simpoziumun başlıca məqsədi türk dünyasının bədii-mədəni kodlarının hərtərəfli elmi tədqiqi və bu mövzuda dərin araşdırmaların aparılmasıdır. Tədbirin adının müəyyənləşdirilməsi də məhz bu konseptual yanaşmanın nəticəsi kimi əsaslandırılıb. Qeyd edilib ki, Aşıq Ələsgər və Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyətinin bədii məkanında ən yüksək mərtəbəni təmsil edir və simpozium onların yaradıcılıq irsinin elmi-nəzəri müstəvidə kompleks təhlilinə xidmət edir.
AMEA Folklor İnstitutunun direktoru, sənətşünaslıq doktoru Hikmət Quliyev isə çıxışında simpoziumun yüksək elmi və təşkilati səviyyəsini vurğulayaraq tədbirin reallaşmasına töhfə verən bütün əməkdaşlara minnətdarlığını ifadə edib.
Türkiyədən – Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru, sənətşünaslıq doktoru Erhan Özden,
Rusiya (Tatarıstan) – sənətşünaslıq doktoru, professor Aleksandr Maklıqın,
Qazaxıstandan – Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, akademik Kenjexan Matıjanov,
Özbəkistandan – Əlişir Nəvai adına Ədəbiyyat Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Jabbor Eshonqulov, Türkiyədən – Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutundan sənətşünaslıq doktoru, professor Metin Ekici, Gürcüstandan – filologiya elmləri doktoru, professor Mahmud Kamaloğlu-Xəlilov, İstanbul Universiteti Dövlət Konservatoriyasından – sənətşünaslıq doktoru, professor Abdullah Akat,
Qırğızıstandan – MEA Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdildacan Akmatalıyev çıxış ediblər.
Çıxışçılar Azərbaycanın musiqi mədəniyyətinin zənginliyini və əhəmiyyətini vurğulayaraq ölkəyə olan hörmət və təşəkkürlərini ifadə ediblər.
Sonrakı mərhələdə iştirakçılar bağlanış konsertini izləyiblər; konsertin aparıcılığı AMK Tələbə Elmi Cəmiyyətinin sədri Zeynəb Bağır tərəfindən həyata keçirilib. İlk olaraq, Əməkdar mədəniyyət işçisi Nemət Qasımlı və tələbələrinin ifasında, sözləri Aşıq Ələsgərə aid olan “Şahsevəni” aşıq havası səslənib. AMK-nın tələbələrindən ibarət Xalq Çalğı Alətləri orkestrinin ifasında Ü. Hacıbəylinin “Sevgili canan” əsəri səsləndirilib (dirijor: Aysel Bağırova, solist: Cavidan İsayev).
Ardınca Mirəli Sarızadə və Ülkər Abdullayevanın ifasında “Qarabağ” kompozisiyası (tarda – Kamal Şükürov, kamançada – Pərviz Fərhadov, nağarada – Siyavuş Kərimov); Əməkdar artist, Populyar Musiqi və Caz kafedrasının müdiri Emil Əfrasiyabın ifasında “Parafraz” əsəri təqdim olunub. Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə uzanan bu mənəvi körpünü əks etdirən proqram sonda AMK tələbələrindən ibarət Xalq Çalğı Alətləri orkestrinin ifasında Ü. Hacıbəylinin “Koroğlu” operasından “Cəngi” əsəri ilə başa çatıb.