25 fevral 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına konsert zalında Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Xocalı: Qanlı Yaddaşın Səsi” adlı ədəbi-bədii tədbir təşkil edilib. Tədbir AMK-nın təşkilatçılığı və Azərbaycan Gənclər Fondu, ATGTİ, “Böyük Qayıdış” gənclər təşkilatının dəstəyi ilə baş tutub.
İlk olaraq, AMK-nın tələbə xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən AMK-nın rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-Zadə, Xocalı faciəsinin Azərbaycan tarixindəki dərin izlərindən bəhs edərək, bu hadisənin beynəlxalq aləmdə tanıdılmasının vacibliyini vurğulayıb. O, Çingiz Mustafayevin Xocalı faciəsini dünyaya çatdırmaqda mühüm rol oynayan jurnalistika fəaliyyətindən, bu faciənin dəhşətlərini lentə alaraq beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməsindən, Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” kitabından və tanınmış fotojurnalist Reza Deqatinin tarixi fotolarının əhəmiyyətindən bəhs edib.
Daha sonra Reza Deqati Xocalı faciəsi zamanı lentə aldığı fotoları təqdim edərək, həmin hadisələrin şahidi kimi yaşadığı dəhşətləri bölüşüb. O, Avropada, xüsusilə Fransada erməni diasporunun təzyiqlərinə baxmayaraq, həyata keçirdiyi – Azərbaycan həqiqətlərini əks etdirən sərgilərin təşkilinin əhəmiyyətindən danışıb.
Azərbaycan Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə, Xocalı faciəsinin gənclər arasında təbliğinin önəmini vurğulayaraq, Azərbaycanın tarixi faciələrini anmağın milli yaddaşın qorunmasında mühüm rol oynadığını bildirib.
Tədbirin bədii hissəsində Vətən müharibəsi iştirakçıları Elvin Məmmədov, Elmir Səfərli, Sevindik Abbasov, Samid Xudadlı, Kamran Eldarov, eləcə də Cavanşir Rüstəmbəyli, Səbinə Zöhrabzadə, Rəhman Əzizli, Nuray Hacızadə, Əli Rüstəmbəyli, Cavad Məmmədsadıq, Lazım Ağayev, Nürəddin Tağıyev, Təranə Məmmədova, İlham Nəcəfov və tələbələrindən ibarət “Yeni Nəfəs” qrupu və Rəna Mirağayeva (qiraət) Xocalı faciəsinin ağrılarını, vətənpərvərlik ruhunu və xalqın tarixi yaddaşını əks etdirən əsərlər səsləndiriblər. Tədbir əzmkarlıq və zəfər sevincli videoçarx və qiraət nümunəsinin sədaları altında yekunlaşıb.