24 sentyabrda Azərbaycan Milli Konservatoriyası və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Türk irsi dünya arenasında” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada görkəmli türk mədəniyyət xadimlərinin 1925-ci ildə Parisdə keçirilən Ümumdünya Müasir Dekorativ və Sənaye Sənəti Sərgisindəki möhtəşəm çıxışının 100 illiyi müzakirə olunub.
Həmin sərgi XX əsrin birinci yarısında dekorativ sənətdə “art-deko” cərəyanına öz adını verməklə yanaşı, türk xalqlarının mədəni fəaliyyətlərinə örnək olan mühüm hadisə kimi qiymətləndirilib.
Tədbirdə giriş sözü ilə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayimkulova çıxış edib. Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə öz dolğun çıxışında 1925-ci ildə baş tutmuş tarixi sərgidən söz açıb, eyni zamanda Türk Mədəniyyəti və İrsi Fondunun nailiyyətlərini vurğulayıb. O bildirib ki, fond fəaliyyət göstərdiyi müddətdə Türk dünyasının inkişafına mühüm töhfələr verib, mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş irimiqyaslı layihələr həyata keçirib.
İştirakçılar Paris sərgisinin XX əsrdə incəsənətin inkişafına təsirini və onun bugünkü aktuallığını müzakirə ediblər. Görkəmli sənətkarların xatirəsinin yaşadılması, onların yaradıcılığının təbliği, türk dünyası adət-ənənələrinin qorunması və bu ənənələri davam etdirən gənc ifaçıların dəstəklənməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Ardınca Azərbaycan Milli Konservatoriyasının elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Lalə Hüseynova tarixi hadisəyə qayıdaraq o dövrdə həmin sərgidə Azərbaycandan iştirak etmiş Şövkət Məmmədovanın həyat və yaradıcılığı mövzusunda çıxış edib, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, sənətşünaslıq doktoru Ülkər Əliyeva, Azərbaycan Milli Konservatoriyasının Səsin Tədqiqi Elmi-Tədqiqat Laboratoriyasının rəhbəri Aleksandriya Sultan fon Brüseldorf və digər iştirakçılar müxtəlif mövzular ətrafında çoxməzmunlu çıxışlar ediblər.
Sonda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayimkulova jurnalistlərə müsahibə verərək vurğulayıb ki, 1925-ci ildə Parisdə keçirilmiş möhtəşəm sərgi türk xalqlarının mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında mühüm mərhələ olub. Bu hadisədən bir əsr keçməsinə baxmayaraq, türk dünyası mütəmadi olaraq bir araya gələrək öz köklərini xatırlatmaqla kifayətlənmir, həm də bu zəngin ənənələri yeni nəsillərə ötürmək və yaşatmaq istiqamətində ardıcıl fəaliyyət göstərir. Türk mədəniyyəti və mənəvi irsi əsrlər boyu unudulmayan, dünya incəsənət xəzinəsinə dəyərli töhfələr verən sənət nümunələri ilə bu gün də yaşamaqda davam edir.







