21 fevral 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında görkəmli tarzən, pedaqoq, milli musiqi ənənələrinin yorulmaz daşıyıcısı xalq artisti Möhlət Müslümovun 70 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
Tədbirdə Azərbaycan musiqisinin tanınmış nümayəndələri, AMK-nın professor-müəllim heyəti, tələbələr və musiqisevərlər iştirak ediblər.
Azərbaycan Milli Konservatoriyasının rektoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə yubiley tədbirini giriş sözü ilə açaraq, Möhlət Müslümovun Azərbaycan musiqi mədəniyyətindəki dərin və çoxşaxəli rolunu elmi-fəlsəfi rakursdan dəyərləndirib. Rektor çıxışında vurğulayıb ki, Möhlət Müslümovun sənət yolu təkcə ifaçılıq ustalığı ilə deyil, eyni zamanda milli musiqimizin bədii-fəlsəfi mahiyyətinin üzə çıxarılması ilə səciyyələnir. Professor Dadaş-zadə bu prosesin əsrlər boyu formalaşan milli kimlik və mədəniyyət kontekstində xüsusi önəm daşıdığını qeyd edərək, tarzənin yaradıcılığını elmi-tədqiqat müstəvisində də böyük maraq kəsb edən bir irs kimi dəyərləndirib. Azərbaycan musiqisinin qlobal miqyasda tanıdılması istiqamətində fəaliyyətinin əhəmiyyətini vurğulayaraq, onun yetişdirdiyi gənc ifaçıların da bu yolun davamçıları olacağına ümid bəslədiyini bildirib. Çıxışın sonunda Möhlət Müslümov AMK-nın döş nişani ilə təltif olunub.
Konsertə AMK-nın Etnomusiqişünaslıq ixtisası üzrə magistrantı Zeynəb Bağır aparıcılıq edib.
Tədbirin bədii hissəsində dəyərli sənətçilər – xalq artistləri Malik Mansurov, Elçin Həşimov, əməkdar artistlər Şirzad Fətəliyev, Cabir Abdullayev, Eldar Məmmədov, Toğrul Əsədullayev, Elnur Əhmədov, ifaçılar Rövşən Qurbanov, Bəhruz Zeynal, Rüstəm Müslümov, Arifə İmanova, Əli Rüstəmzadə, Ruslan Abbasov, Pərviz Mirzəyev, Ceyhun Qurbanov, Siyavuş Kərimov və “Naz-nazı” muğam qrupunun (Bədii rəhbər: xalq artisti Malik Mansurov) üzvlərinin təqdimatında milli musiqi irsimizin parlaq nümunələri səsləndirilib.
Sonda yubilyar çıxış edərək konsertdə iştirak edən sənət yoldaşlarına və tədbirin təşkilatçılarına, sənətini yüksək qiymətləndirən musiqisevərlərə təşəkkürünü bildirib. O, Azərbaycan milli musiqisinin yaşadılması və gələcək nəsillərə ötürülməsi yolunda fəaliyyətini bundan sonra da eyni sədaqətlə davam etdirəcəyini vurğulayıb.