19 mart 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyası Elmi Şurasında Tələbə Elmi Cəmiyyətinin sədr seçkisi keçirilib. Seçki, əvvəlki sədr, gənc müəllim Fərdin Məhəmmədzadənin AMK Həmkarlar Təşkilatının sədri vəzifəsinə təyinatının ardından təşkil edilib. Seçki prosesi AMK-nın Elmi Şurasının müvafiq qaydalarına uyğun olaraq həyata keçirilib.
Azərbaycan Milli Konservatoriyasının Elmi Şurasının 19 mart 2025-ci il tarixli qərarına əsasən, AMK-nın Etnomusiqişünaslıq ixtisası üzrə I kurs magistr tələbəsi Zeynəb Bağır AMK Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri vəzifəsinə təyin edilib. Qeyd edək ki, seçkinin ilkin mərhələsi 12 mart 2025-ci il tarixində fakültə elmi şurasında keçirilmişdi.
AMK-nın Elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova, Musiqi tarixi və nəzəriyyəsi fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Cəmilə Mirzəyeva, Etnomusiqişünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Jalə Qulamova çıxış edərək Zeynəb Bağırın etnomusiqişünaslıq sahəsindəki elmi tədqiqatlarını, ictimai fəallığını, tələbələr arasında elmi araşdırmalara marağı artırmaq istiqamətində təşəbbüslərini vurğulayaraq, namizədliyini dəstəkləyiblər.
Sonda AMK-nın rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə çıxış edərək Tələbə Elmi Cəmiyyətinin Azərbaycan Milli Konservatoriyası üçün əhəmiyyətindən bəhs edib. O, TEC-in tələbələrin elmi potensialının inkişafında, elmi araşdırmalara marağın artırılmasında və gənclərin akademik fəaliyyətinin dəstəklənməsində mühüm rol oynadığını vurğulayıb. Konservatoriya üçün TEC-in iki əsas prioritet istiqaməti – Etnomusiqişünaslıq və Mənbəşünaslıq sahələrinin inkişafına xüsusi diqqət ayrılmasının vacibliyini qeyd edib. Zeynəb Bağırın müxtəlif elmi tədbirlərdə, beynəlxalq, yerli konfranslarda, müsabiqələrdə iştirakını və xüsusilə, İraq türkman musiqisi ilə bağlı araşdırmalarını yüksək qiymətləndirərək, bu vəzifəyə layiqli namizəd kimi qiymətləndirdiyini bildirib. Səsvermə nəticəsində Zeynəb Bağır yekdilliklə TEC-in yeni sədri vəzifəsinə təyin edilib.
Azərbaycan Milli Konservatoriyasının kollektivi adından Zeynəb Bağırı yeni vəzifəsi münasibətilə təbrik edir, ona elmi və təşkilatı fəaliyyətində uğurlar arzulayırıq.
Qeyd edək ki, artıq AMK TEC-in fəaliyyətini rəsmi sosial şəbəkə hesablarından izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/share/16J4TJipzQ/?mibextid=wwXIfr
İnstagram: https://www.instagram.com/millikonservatoriyatec?igsh=MTM2MHpnaXY4bDRtcQ==
Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory