19 fevral 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında görkəmli vokal ifaçısı, Azərbaycan və Dağıstan Respublikalarının xalq artisti, professor Azər Zeynalovun 60 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib. Tədbirdə AMK-nın professor-müəllim heyəti, tələbələr, qonaqlar və musiqisevərlər iştirak ediblər.
Azərbaycan Milli Konservatoriyasının rektoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə tədbiri giriş sözü ilə açaraq, yubilyarı və qonaqları salamlayıb. Azər Zeynalovun sənət fəaliyyətinə nəzər yetirərək, onun Azərbaycan vokal sənətinə verdiyi töhfələri yüksək qiymətləndirdiyini və sənətçinin opera ifaçılığında qazandığı uğurların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Həmçinin qeyd edib ki, sənətkarın zəngin repertuarı, təkrarsız ifa tərzi və pedaqoji fəaliyyəti Azərbaycan musiqi mədəniyyətində, məxsusilə də milli vokal sənətində mühüm mərhələdir. Çıxışın sonunda yubilyara gül dəstələri və səmərəli fəaliyyətinə görə Azərbaycan Milli Konservatoriyasının döş nişanı təqdim olunub.
Bədii hissə vokalçının sənət fəaliyyətinə həsr olunan videoçarxla başlayıb. Sonra, vokal sənətinin sevilən sənətçiləri, Milli vokal kafedrasının professor-müəllimləri – Azərbaycan Respublikasının xalq artisti Gülnaz İsmayılova, əməkdar artistlər Əliəhməd İbrahimov, Zemfira İsmayılova, Ramil Qasımov, İnarə Babayeva, Aygün Qurbanova, Afaq Abbasova,
Solist Taleh Yahyayev müxtəlif interpretasiyaları ilə, Fortepiano kafedrasının müdiri, əməkdar müəllim Naibə Şahməmmədova, müəllimlər – əməkdar artist Emil Əfrasiyab, Nigar Hüseynzadə, İradə Fərzullayeva, Aliyə Ağayeva, Rəhimə Qurbanovanın müşayiəti ilə milli və xarici bəstəkarların yaradıcılıq irsindən seçmə nümunələr səsləndiriblər. Sənət yoldaşları Azər Zeynalov haqqında xoş xatirələrini bölüşüblər, sənətçiyə ithaf olunmuş şeir səsləndirilib. Azər Zeynalovun oğulları İsmayıl Zeynalov (vokal) və Fərid Zeynalovun (fortepiano) çıxışları isə yubiley konsertində maraqlı anlara səbəb olub.
Sonda Azər Zeynalov çıxış edərək, yüksək dəyərə görə AMK-nın rektoruna, sənət yoldaşlarına və tədbir iştirakçılarına minnətdarlığını bildirib, Azərbaycan musiqisinin təbliği və inkişafı naminə fəaliyyətini bundan sonra da əzmlə davam etdirəcəyini qeyd edib.
Azər, İsmayıl Zeynalovlar və Ramil Qasımovun ifasında “Şükriyyə” mahnısının sədaları altında tədbir başa çatıb.