19 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına Böyük zalında Əhsən Dadaşovun “Rənglər” kitabının təqdimatı keçirilib.
Azərbaycan Milli Konservatoriyası, Xəzər Media Mərkəzi və Əhsən Yaradıcı Təşəbbüslər Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış sənət nümayəndələri ilə yanaşı, Konservatoriyanın professor-müəllim və tələbə heyəti iştirak edib.
AMK-nın rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə çıxışında Əhsən Dadaşovun Azərbaycan musiqisində əvəzolunmaz rolunu xüsusi vurğulayaraq qeyd edib ki, AMK-nın əsas missiyalarından biri də ənənəvi musiqimizin inkişafında mühüm rol oynamış sənətkarların yaradıcılığına müraciət etmək, onların irsini qoruyub inkişaf etdirmək, bu irsi gənclərə və gələcək nəsillərə ötürməkdən ibarətdir.
Tədbirdə çıxışçılar arasında Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Əhsən Yaradıcı Təşəbbüslər Mərkəzinin direktoru Tamilla Əliyeva, musiqişünas, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin Tərbiyə məsələləri üzrə iş sektorunun müdiri Qeyrət Şirəliyev çıxış ediblər.
Əməkdar incəsənət xadimi Arif Əsədullayev öz çıxışında Əhsən Dadaşovun əsərlərinin not yazıları əsasında hazırlanmış kitabı barədə fikirlərini bölüşüb.
Tədbirin sonunda sənətkarın övladı Xanım Məhərrəmova çıxış edərək təşkilatçılara və Konservatoriya rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının əməkdaşları — xalq artistləri Nəzakət Teymurova, Elçin Həşimov, əməkdar artistlər Şirzad Fətəliyev, kamran Kərimov, Təranə Əliyeva, Elnur Əhmədov, Çinarə Heydərova, prezident təqaüdçüsü Rövşən Qurbanov, xanəndə Mirələm Mirələmov musiqi töhfələri ilə çıxış ediblər.

