18 mart 2025-ci ildə Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına zalında Konstitusiya və Suverenlik ili çərçivəsində Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının və Azərbaycan Milli Konservatoriyasının birgə əməkdaşlığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib. İlk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən hazırlanmış, Heydər Əliyevin Novruz bayramında iştirakını əks etdirən qısa film nümayiş olunub. Tədbir İcra Hakimiyyətinin təbrik nitqi ilə açılıb və Azərbaycan Milli Konservatoriyasının müəllim və sənətkarlarının iştirakı ilə bayram konserti ilə davam edib. Tədbirin aparıcısı bədii qiraətçi Pərvanə Talıbova olub. Bədii hissədə Azərbaycanın tanınmış sənətkarları – Xalq artistləri Azər Zeynalov, Mənsum İbrahimov, Elçin Həşimov, Əməkdar artistlər – Şirzad Fətəliyev, Şölə Səfərəliyeva, Emil Əfrasiyab, Ramil Qasımov, Təyyar Bayramov, Arzu Əliyeva, Elnur Əhmədov, Əməkdar incəsənət işçisi – Neymət Qasımlı, eləcə də Fərdin Məhəmmədzadə, Aytən Məhərrəmova, Aydın Əliyev, Günel Qasımova, Mahnı Həsənzadə, Anara Məmmədova, Araz İmanov yer alıb. İfaçıları Tural Yusifov, Elvin Bəşirov, Elvin Nəbiyev, Orxan Qədirli, Adəm Zərbəliyev, Mustafa Mirzəyev, Siyavuş Kərimov, Səyyar Teymurov müşayiət ediblər.