17 iyun 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasının Bakı zalında Səudiyyə Ərəbistanının “Ud Evi”nin rəhbəri Nehad Ghazy Konservatoriyanın qonağı olub.
Tədbir çərçivəsində Nehad Ghazy tələbələrlə ustad dərsi keçib və rəhbərlik etdiyi, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “Ud Evi”nin fəaliyyəti barədə ətraflı məlumat təqdim edib.
Təqdimat və ustad dərsində Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi Kamilə Dadaş-zadə, elmi işlər üzrə prorektor Lalə Hüseynova, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirin əsas məqsədi Azərbaycan Milli Konservatoriyası ilə Səudiyyə Ərəbistanının “Ud Evi” arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və bu əməkdaşlıq çərçivəsində müxtəlif yaradıcılıq layihələrinin həyata keçirilməsi olub.
Tədbir zamanı “Ud Evi”nə dair videomaterial nümayiş olunub. Slayd vasitəsilə qurumun fəaliyyəti, tələbələri, yaranma tarixi, strukturu və tədris sistemi haqqında ətraflı məlumat verilib.
Görüşün moderatoru Azərbaycan Milli Konservatoriyasının Populyar musiqi və caz kafedrasının müdiri, Əməkdar artist Emil Əfrasiyab olub.
Beş saata yaxın davam edən tədbirin ustad dərsi bölməsində İnstrumental Muğam kafedrasının tələbələri — Təhməzov Vaqif, Mohammadi Reza, Teymurov Səyyar və Vəfadar Ramiz, həmçinin Səudiyyə Ərəbistanının “Ud Evi”nin tələbəsi Aljawini Saud Naif iştirak ediblər.
Ustad dərsi zamanı Nehad Ghazy azərbaycanlı tələbələrin ifalarını dinləyib, onlara tövsiyələr verib, muğam haqqında fikirlərini bölüşüb və dərsi qarşılıqlı musiqi ifaları ilə davam etdirib. Nehad Ghazy tədbir iştirakçılarının, o cümlədən müəllim və tələbələrin ünvanladıqları sualları cavablandırıb.
Tədbirin sonunda qonaqlar Azərbaycan Milli Konservatoriyasının Qədim Musiqi Alətləri stendini ziyarət ediblər. Elmi laboratoriyanın rəhbəri Məmmədəli Məmmədov qonaqlara qədim musiqi alətləri barədə ətraflı məlumat verib.
Ustad dərsi və təqdimat iştirakçıların böyük marağına səbəb olub və beynəlxalq əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.