16 İyunda Beynəlxalq Muğam Mərkəzində tanınmış ritm ustası, Muğam (xanəndə) kafedrasının baş müəllimi, qaval və dəf ifaçısı Mahmud Salahın 65 illiyinə həsr olunmuş “Sənətin Zirvəsində” adlı bədii-musiqili gecə keçirilib.
Tədbir Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru,əməkdar incəsənət xadimi Kamilə Dadaş-zadənin təbrik çıxışı ilə başlayıb. O, Mahmud Salahın Azərbaycan musiqi mədəniyyətində əvəzolunmaz mövqeyə malik, unikal muğam bilicisi olmasından, dünyanın bir çox ölkələrində milli musiqimizi layiqincə təmsil etməsindən, həmçinin itirilmiş muğamlarımızın bərpası prosesində oynadığı əhəmiyyətli rolundan geniş bəhs edib.
Çıxışının sonunda rektor, baş müəllim Mahmud Salaha Azərbaycan Milli Konservatoriyasının döş nişanı və təbrik ünvanını təqdim edib.
Konsert Mahmud Salahın hazırladığı bir sıra musiqili-ritmik kompozisiyalar, “Bakı şikəstəsi”, “Qara Qafiyə” aşıq havası və digər musiqi əsərləri, maraqlı çıxışlar ilə davam edib. Tədbirdə “Sarı gəlin” xalq mahnısı üçsəsli formada, qaval alətində müşayiət edən vokal qrupunun ifası ilə ilk dəfə nümayiş olunub və tamaşaçıların rəğbətini qazanıb.
Azərbaycan Milli Konservatoriyası adından qaval ustası, AMK-nın Muğam (xanəndə) kafedrasının baş müəllimi Mahmud Salahı təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.