16 fevral 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Mədəniyyət Nazirinin müşavirləri Cəsarət Valehov və Cahangir Səlimxanov, Mədəniyyət üzrə Elmi-Metodiki İxtisasartırma Mərkəzinin direktor müavini Eldar Qocayev, həmçinin AMK-nın professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Görüşün açılış nitqini Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə edib. O, iştirakçıları salamlayaraq Mədəniyyət Nazirliyinin nümayəndələrini AMK-da görməkdən məmnun olduğunu bildirib.
Sonra “Müəllimlərin peşəkar bilik və bacarıqlarının ölçülməsi” mövzusunda təqdimat nümayiş olunub. Ardınca Cəsarət Valehov çıxış edərək görüşün əhəmiyyəti və məqsədləri barədə məlumat verib. Eldar Qocayev isə çıxışında Mədəniyyət Nazirliyinin Bakı-Abşeron-Xızı zonası üzrə attestasiya prosesinin gedişatından bəhs edib, musiqi və incəsənət məktəblərinin müəllimlərinin peşə bacarıqlarının artırılması və qiymətləndirmə vasitəsilə optimal müəllim heyətinin formalaşdırılması üçün fevral ayından etibarən attestasiya keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Ardınca Cahangir Səlimxanovun çıxışı dinlənilib, həmçinin AMK-nın professor-müəllim heyəti və tələbələrinin sualları cavablandırılıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən müəllimlərin peşəkar bilik və bacarıqlarının ölçülməsi prosesinin ölkə üzrə 2025–2026-cı illər ərzində həyata keçirilməsi planlaşdırılıb. İlk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları, daha sonra isə digər ixtisaslar üzrə qiymətləndirmə aparılması nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan Milli Konservatoriyası da attestasiya komissiyasına daxil edilib və bundan sonra atılacaq addımlarda AMK-nın professor-müəllim heyəti ilə sıx əməkdaşlıq davam etdiriləcək.
Görüşün sonunda AMK-nın rektoru Kamilə Dadaş-zadə çıxış edərək musiqi təhsilinin keyfiyyətinin artırılması, pedaqoqların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi və bu istiqamətdə keçirilən attestasiyanın əhəmiyyətini qətiyyətlə vurğulayıb. Rektor qeyd edib ki, musiqi məktəblərində çalışan müəllimlərin peşəkarlıq səviyyəsi konservatoriyaya daxil olan tələbələrin hazırlıq dərəcəsinə birbaşa təsir göstərir və bu baxımdan attestasiya prosesi AMK üçün də mühüm əhəmiyyət kəsb edir.
Görüş qarşılıqlı diskussiya şəklində davam edib və səmərəli fikir mübadiləsi ilə yekunlaşıb.