15–16 oktyabr 2025-ci il tarixlərində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində “Falak və dövlət müstəqilliyi: dirçəlişdən qlobal tanınmaya” mövzusunda Beşinci Beynəlxalq Falak Simpoziumu keçirilib.
Tacikistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan mötəbər elmi-mədəni tədbirdə Azərbaycan Milli Konservatoriyası rəsmi dəvət əsasında iştirak etmişdir.
Konservatoriyanı simpoziumda Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Manafova təmsil etmişdir.
Tədbir çərçivəsində keçirilən plenar iclasda onun “Muğam və dodekafoniya: Azərbaycan bəstəkarlarının yaradıcılığında iki mədəniyyətin qovuşması” mövzusunda elmi məruzəsi dinlənilmişdir.
Falak V Beynəlxalq Simpoziumu çərçivəsində elmi sessiyalarla yanaşı, beynəlxalq musiqi festivalı da təşkil olunmuşdur.
Festival proqramında Azərbaycan musiqiçilərinin iştirakı tədbirə xüsusi rəng qatmışdır.
AMK-nın Xalq Çalğı Alətləri kafedrasından Əməkdar artist Təranə Əliyeva, İnstrumental Muğam kafedrasından Əməkdar artist Toğrul Əsədullayev, tarzən Rövşən Qurbanov və Beynəlxalq Muğam Mərkəzinin solistləri (xanəndə) Hüseyn Məlikov, (nağara ifaçısı) Emin Cəbrayılov Azərbaycan musiqi irsindən seçilmiş nümunələri böyük ustalıqla təqdim etmişlər.
İfalar tacik dinləyicilər tərəfindən alqış və rəğbətlə qarşılanmışdır.
Qeyd olunmalıdır ki, festivala dəvət olunan ölkələr arasında tədbirdə canlı iştirak edən yeganə dövlət Azərbaycan olmuşdur. Digər ölkələrin nümayəndələri isə konfransa onlayn formatda qatılmışdır.
Beynəlxalq simpozium həm elmi, həm də mədəni müstəvidə xalqlar arasında musiqi əlaqələrinin dərinləşməsinə, xüsusilə də Azərbaycan və Tacikistanın ortaq ənənəvi musiqi irsinin qarşılıqlı tanıdılmasına mühüm töhfə vermişdir.