12 iyun tarixində Azərbaycan Milli Konservatoriyasının Bakı zalında tanınmış musiqişünas Tahirə Kərimovanın “Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” adlı kitabının təqdimatı keçirilib.
Təqdimatın moderatoru Azərbaycan Milli Konservatoriyasının Elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova olub.
İlk söz Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi və eyni zamanda sözügedən kitabın redaktorlarından biri olan Kamilə Dadaş-zadəyə verilib.
Kamilə Dadaş-zadə çıxışında qonaqları salamlayaraq kitabın yaranma tarixi ilə bağlı fikirlərini bildirib.
O, qeyd edib ki, kitabların da insanlar kimi öz tale yolu olur. “Bu gün sizin nəzərinizə çatdırdığımız bu kitabın da çox maraqlı bir tarixçəsi var. Bu kitab ilk dəfə olaraq Moskvada 1984-cü ildə işıq üzü görmüşdü. 40 il sonra Türkiyədən mənə zəng gəldi – bu, Tahirə Kərimova idi. İlk olaraq o, mənə bildirdi ki, kitab təkrar nəşr olunur, kitabın redaktorlarının Zümrüd Dadaşzadə və mənim olmağımı istədiyini dedi. Məmuniyyətlə razılaşdım. Bir müddət sonra yenidən zəng edib qeyd etdi ki, təkrar nəşr əvvəlki variantdan fərqli olaraq bir çox cəhətdən yenilənmiş, əlavələr edilmiş və həcmi dəyişdirilmiş şəkildə hazırlanır. Əlbəttə, indi gördüyünüz bu kitab yeni materiallarla zənginləşdirilmiş və artıq tam bir tədqiqat əsərinə çevrilmişdir. Kitab ilkin variantdan təkmilləşmiş formada oxucuların ixtiyarına verilib.”
Ardından təqdimat AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev, bəstəkar, Əməkdar incəsənət xadimi, professor Aydın Əzimov, Mədəniyyət Nazirinin müşaviri, musiqişünas, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli, Müəllif Hüquqları Uğrunda İctimai Birliyin sədr müavini Zamiq Yunisovun maraqlı çıxışları ilə davam edib.
Əli Kərimovun nəticəsi, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu çıxışında qeyd edib ki, “çağdaş Azərbaycan zurna-balaban sənətinin inkişafında məşhur sənətkar Kalvalı Əli Dədənin özünəməxsus xidmətləri olmuşdur. Azərbaycan zurna-balaban sənətində məktəb yaratmış bu ustadın ifasında bu alətlərin bütün imkanları aşkarlanır. Yaradıcılığında iki əsas cəhət möhtəşəm döyüşkənlik və harayın ifadəsi – xüsusilə diqqəti cəlb edir. Ustadın tanınmış havaları bunlardır: “Heyvagülü”, “Alçagülü”, “Koroğlu nağarası”, “Qəhrəmani”, “İnnabı”, “Əfruzə”, “Yasəməni”, “Dağ çiçəyi”, “Azərbaycan rəqsi”, “Türk rəqsi” və s. Bu havalar bu gün də Azərbaycan səhnəsinin, el şənliklərinin bəzəyidir.”
Eyni zamanda Elçin Qaliboğlu çıxışında Kalvalı Əli Dədənin həyatının son dövrü ilə bağlı onun son günlərini görmüş qohumlarından eşitdiyi maraqlı və hüznlü xatirəni də iştirakçıların diqqətinə çatdırıb.
Bir-birindən maraqlı və yadda qalan çıxışlarla davam edən təqdimatı AMK-nın “İnstrumental muğam” kafedrasının baş müəllimi, Əməkdar artist, Şirşad Fətəliyev və onun tələbələri öz ifaları ilə daha da maraqlı ediblər.
Qeyd edək ki ifaçı tələbələr arasında Əli Kərimov nəslinin davamçısı, ustadın kötükçəsi Orxan Qədirli də olub. Digər tələbələr : Adəm Zərbəliyev ,Yusif Rüstəmov.
Görkəmli musiqiçi Kalvalı Əli Kərimovun həyat və yaradıcılığına həsr olunan “Azərbaycan musiqisinin Əli Dədə zirvəsi” kitabının Azərbaycan musiqişünaslığına gözəl bir töhfə olduğunu düşünürük.
Tanınmış musiqişünas Tahirə Kərimova bu kitabda Şirvan musiqi mədəniyyətinin qədim və zəngin tarixinə dair qiymətli məlumatlara geniş yer ayırıb. Eyni zamanda milli musiqimizin orta əsrlərdəki inkişaf istiqamətlərini oxuculara yüksək peşəkarlıqla çatdırmağı bacarıb.
İnanırıq ki, Azərbaycan milli musiqi tarixində öz izi və məktəbi olan Əli Kərimov haqqında yazılmış, zəngin musiqi mədəniyyətimizin daşıyıcısı və ötürücüsü funksiyasını daşıyan bu kitab musiqişünaslar üçün əhəmiyyətli informasiya mənbəyi olacaq.