07 aprel 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyasının Qarabağ zalında IX Muğam Televiziya Müsabiqəsinə ərizə ilə müraciət etmiş tələbələrlə görüş keçirilib. Görüşdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə, elmi işlər üzrə prorektor, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova və Muğam (xanəndə) kafedrasının müdiri, Xalq artisti, professor Mənsum İbrahimov iştirak edib. Professorlar, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən Muğam Televiziya Müsabiqəsinin Azərbaycan muğam sənətinin qorunması, inkişafı və gənc xanəndələrin peşəkar ifaçılıq ənənələrinə yiyələnməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Eyni zamanda, bu müsabiqənin milli musiqi irsinin geniş ictimaiyyətə tanıdılması və yeni nəsil ifaçıların üzə çıxarılması istiqamətində mühüm bir platforma olduğu diqqətə çatdırıblar. Görüş çərçivəsində tələbələrin müsabiqə ilə bağlı sualları dinlənilib, seçim meyarları və iştirak qaydaları ətrafında müzakirələr aparılıb. Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Konservatoriyasının xanəndə tələbələri əvvəlki illərdə də Muğam Televiziya Müsabiqəsində uğurla iştirak edərək, yüksək nailiyyətlər əldə ediblər.
AMK kollektivi adından bütün iştirakçılara uğurlar diləyirik.