Oktyabrın 8-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Vətən müharibəsi şəhidi, konservatoriyanın bakalavr və magistr məzunu Toğrul Hacıyevin anım tədbiri keçirilib.
Tədbir, Toğrul Hacıyevin tar ifası ilə başlayıb.
Tədbirdə rektor Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti, T. Hacıyevin valideynləri və tələbələr iştirak ediblər.
Rektor Siyavuş Kərimi çıxış edərək Toğrul Hacıyevin döyüş yolundan söz açıb, onun konservatoriyada nümunəvi tələbə olduğunu diqqətə çatdırıb.
Rektor vurğulayıb ki, 44 gün ərzində ordumuz illərdir həsrətində olduğumuz işğal altında olan torpaqlarımızı azad edərək, Vətəni bütövləşdirdi, bizə Qələbə sevincini yaşatdı.Vətən müharibəsi torpaqlarımızla yanaşı, bizim qürurumuzu da özümüzə qaytardı. Heç bir müharibə şəhidsiz olmur. Bu müharibədə bizim müəllim və tələbələrimiz də iştirak etdi. Tələbəmiz Toğrul Hacıyev şəhid oldu. O, hamıya nümunə olacaq bir insan idi. Torpağı müdafiə edirsənsə, demək, Vətən var. Toğrul da bunu sübut etdi. Mən onun yaxınlarına, valideynlərinə Allahdan səbir diləyirəm. Toğrul və onun simasında bütün şəhidlərimiz daim qəlbimizdə yaşayacaq”.
Şəhidin müəllimləri Xalq artisti Elçin Həşimov və Əməkdar artist Səbuhi Cəfərov çıxış edərək Toğrul Hacıyevlə bağlı xatirələrini bölüşüblər.
Onlar şəhidin ailəsinə başsağlığı verərək, torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərimizin xatirəsinin daim əziz tutulduğunu bildiriblər.
Şəhidin anası İlhamə Soltanova tədbirdə geniş və çox təsirli çıxış edib. O, Toğrulun ən kiçik vaxtlarından, onun son telefon zənginə qədər olan tarixi qısa da olsa tədbir iştirakçılarının diqqətinə çatdırıb. Toğrulla bağlı xatirələri içərisində bir dənə də olsun mənfi, səhv hərəkət xatırlamadığını dilə gətirib. Mələk kimi oğlu olduğunu söyləyən İlhamə xanım, tək bu gün deyil hər zaman onunla qürur duyduğunu bildirib. Toğrulun musiqiyə olan böyük sevgisindən, uşaqlıq, təhsil illərindən, necə sevgi ilə böyüməsindən danışıb. Tək Toğrul deyil, bütövlükdə 21 min Qarabağ şəhidi, qaziləri ilə qürur duyduğunu söyləyib. Tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Tədbir şəhidin vaxtı ilə ifa etdiyi muğam nömrələrinin səsləndirilməsi ilə davam edib.
Qeyd edək ki, əslən Füzulidən olan Toğrul Hacıyev 1996-cı il dekabrın 24-də Bakıda anadan olub. 2016-2019-cu illərdə Azərbaycan Milli Konservatoriyasında tar ixtisası üzrə təhsil alıb, sonra magistraturada təhsilini davam etdirib. Füzuli şəhər 3 nömrəli uşaq musiqi məktəbində tar müəllimi işləyib.
Ata yurdunun və bütövlükdə Qarabağ elinin yağı işğalından azad olunması Toğrulun da arzusu olub. Bu arzu ilə də Vətən müharibəsinə yollanıb. O, 2020-ci il oktyabrın 9-da ata-babalarının doğulduğu Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.