Azərbaycan Milli Konservatoriyası
Azərbaycan Milli Konservatoriyası (AMK) 2000-ci ilin 13 iyun tarixli qərara əsasən təsis edilmişdir. Azərbaycanın milli musiqisinin inkişafını təmin etmək məqsədilə Prezident Heydər Əliyevin 10 avqust 2001-ci il sərəncamı ilə AMK-nın maddi-texniki bazasının yaradılması təmin edilmiş, yaradıcısı və ilk rektoru bəstəkar, Xalq artisti Siyavuş Əşrəf oğlu Kərimi təyin olunmuşdur (10.08.2001 – 27.10.2024).
2014-cü ildə konservatoriya yeni binaya köçürülmüş, açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişdir. 27.10.2024-cü ildə AMK-nın rektoru vəzifəsinə Sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi Kamilə Dadaş-zadə təyin olunmuşdur.
AMK milli musiqi təhsilinin inkişafı və qədim musiqi ənənələrinin qorunması istiqamətində fəaliyyət göstərən aparıcı təhsil müəssisəsidir. Burada Azərbaycan mədəniyyətində öz dəst-xətti olan sənətkar və professor-müəllim heyəti fəaliyyət göstərir.
Konservatoriyanın tərkibinə İncəsənət Gimnaziyası, Musiqi Kolleci və Sumqayıt Musiqi Kolleci daxildir. AMK-da “İfaçılıq” və “Musiqi Tarixi və Nəzəriyyəsi” fakültələri fəaliyyət göstərir, həmçinin Muğam (xanəndə), Etnomusiqişünaslıq, Fortepiano, Xalq Çalğı Alətləri, İnstrumental Muğam, Populyar Musiqi və Caz, Milli Vokal, Dirijorluq, Humanitar Fənlər və Musiqinin Tarixi və Nəzəriyyəsi kafedraları fəaliyyət göstərir.
AMK-nın tərkibində Konservatoriya Elmi Jurnalı təsis edilmiş, dərgidə Azərbaycan, İngilis, Türk, Rus və digər dillərdə elmi məqalələr dərc olunur. Beləliklə, Azərbaycan Milli Konservatoriyası milli musiqimizin və musiqi ənənələrinin qorunması və inkişafı istiqamətində mühüm mərkəz rolunu oynayır.