Zeynəb Bağır – zeynebagir@mail.ru
Zeynəb Bağır – Etnomusiqişünas, Azərbaycan Müəlliflər İctimai Birliyinin üzvü, Azərbaycan Milli Konservatoriyası Tələbə Elmi Cəmiyyətinin sədri.
Zeynəb İlqar qızı Bağır Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2006-cı ildə Bakı şəhəri 188 saylı tam orta məktəbə daxil olmuş, 2015-ci ildə məktəbi fərqlənmə ilə bitirmişdir. Həmçinin 2010-2015-ci il tarixlərində Abşeron rayon 1 saylı Uşaq Musiqi Məktəbində kamança sinifində təhsil almışdır. 2015-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə “Musiqi nəzəriyyəsi” ixtisası üzrə daxil olmuş, 2019-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 2019-2024-cü illər ərzində Azərbaycan Milli Konservatoriyasının “Musiqi tarixi və nəzəriyyəsi” fakültəsinin “Musiqişünaslıq” ixtisası üzrə təhsil almış, bakalavr təhsilini fərqlənmə ilə bitirmişdir. Həmin ildən sözügedən fakültənin “Etnomusiqişünaslıq” ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirir. 2020-ci ildə paralel olaraq, Türkiyənin Boğaziçi Kampüs təhsil mərkəzində “International life coach” ixtisasına yiyələnmiş, 2021-ci ildən təlimçi qismində bir çox seminarlar həyata keçirmişdir.
Təhsil illərində elmi və yaradıcı fəaliyyətlə fəal şəkildə məşğul olmuş, Azərbaycan Milli Konservatoriyasında “Heydər Əliyev ili” çərçivəsində keçirilən konfrans-müsabiqədə 1-ci yerə layiq görülmüş, bir sıra respublika və beynəlxalq konfransların iştirakçısı olmuşdur. Mütəmadi olaraq, dövrü mətbuatda elmi və publisistik məqalələrlə çıxış edir.
Zeynəb Bağır İraq türkman musiqisi irsinin tədqiqatçısı kimi, “İraq türkmanlarının ənənəvi musiqisi” və “İraq türkman musiqisinin tədqiqi məsələləri” başlıqlı elmi əsərləri ilə sözgedən musiqisi irsinin ölkəmizdə ilk analitik təhlilini həyata keçirmişdir. Tədqiqat işi ilə əlaqədar “Musiqişünaslığın aktual problemləri” adlı X Respublika elmi konfransında “İraq türkman musiqi folkloru – ümumtürk musiqi kontekstində”, “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIII Beynəlxalq Elmi-praktiki konfransda “İraq türkman musiqisinin tədqiqi məsələləri”, “İslam dünyasının mədəni irsinin qorunması” adlı Beynəlxalq elmi-praktiki konfransda “İraq türkman musiqi folkloru”, AMEA tərəfindən folklorşünas Əta Tərzibaşının 100 illiyi münasibətilə keçirilən beynəlxalq konfransda “Əta Tərzibaşının musiqişünaslıq fəaliyyətinin əhəmiyyətinə dair”, AMK-da keçirilən “Kərkük musiqisinin tədqiqi məsələləri” adlı elmi konfransda isə “Kərkük və Azərbaycan musiqi əlaqələri”, “Musiqişünaslığın aktual problemləri” adlı XI Respublika elmi konfransda “Qarabağlı havasının genezisi və analitik tədqiqi: Azərbaycan və İraq türkman musiqi məkanlarının intertekstual kontekstində” məruzələri ilə çıxış etmiş, mövzunu respublika və beynəlxalq arenada gündəmə gətirmişdir. Həmçinin, 20 may 2024-cü il tarixində tarixində Azərbaycan Milli Konservatoriyasında ölkədə ilk dəfə İraq türkman musiqisi ilə bağlı təşkil olunan “Kərkük musiqisinin tədqiqi məsələləri” adlı elmi konfransın və “Kərkükdən Azərbaycana” adlı irimiqyaslı konsertin keçirilməsinə təşkilatçılıq etmişdir. İraq türkman musiqi irsinin tədqiqi və təbliği sahəsindəki fəaliyyəti Azərbaycan Respubikası Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət” qəzetində işıqlandırılmışdır.
2020-2022-ci illər arasında pedaqoji fəaliyyətlə məşğul olmuş, 2022-ci ildən Zəngilan rayon Mədəniyyət evinin baş metodisti, sonradan direktoru vəzifələrini icra etmişdir. Fəaliyyət dönəmində Zəngilanın mədəni mühitinin inkişafı yönündə bir sıra layihələr həyata keçirmiş, uğurlu fəaliyyətinə görə dəfələrlə Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatı, Zəngilan rayon Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. 2021-ci ildən Azərbaycan Müəlliflər İctimai Birliyinin üzvüdür. Son olaraq, Azərbaycan Milli Konservatoriyası Elmi şurasının 19 mart 2025-ci il tarixli qərarı ilə Azərbaycan Milli Konservatoriyası Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Tələbə Elmi Cəmiyyəti
Tələbə Elmi Cəmiyyəti (bundan sonra – TEC) Azərbaycan Milli Konservatoriyasının elmi tədqiqat və elmi-təşkilati işlərində fəal iştirak edən, ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin könüllü ictimai təşkilatıdır. TEC ali təhsil müəssisəsinin rəhbərliyinə tabedir və müəssisənin Elmi Şurası qarşısında hesabat verir.
TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarətdir.
TEC-in vəzifələri aşağıdakılardır: tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması; elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi; tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi; tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması; istedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işinə cəlb edilməsi; elmi və elmi-pedaqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçilməsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması; digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsi, tələbə elmi tədqiqat işinin təşkilinə dair mütərəqqi müasir forma və metodların tələbələrin elmi tədqiqat işinə tətbiq edilməsi; müxtəlif səviyyəli tədbirlərin – elmi seminar və konfranslar, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi.
Bu mənada Azərbaycan Milli Konservatoriyasında fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti də yuxarıda qeyd olunanları rəhbər tutaraq fəaliyyətini davam etdirir.