Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi, “Ədəbiyyat və incəsənət” portalı üçün
Azərbaycan Milli Konservatoriyasının Rektoru, Xalq artisti Siyavuş Kəriminin bəstəkarı olduğu “Nəsimi” operası haqqında düşüncələrimi bölüşmək qərarına gəldim.
Dünya duracaq yеr dеyil, еy can səfər eylə.
Aldanma anın halına, andan həzər еylə!
İmadəddin Nəsimi.
Andan həzər eylə deyən şair Nəsiminin ruhu qarşısında baş əyirəm. Görəsən o, indiki cəmiyətdə olub anla yaşayan, keçmiş və gələcəyi düşünməyə üsyan edən insan modelini görüb nə yazardı? Bilmirəm, yalnız mənim bugünkü mövzum o qədər müqəddəsdir ki…
Azərbaycan musiqisinə səs salacaq olan bir xəzinə haqqında danışmaq istəyirəm . “Nəsimi” operası. Bəli, belə bir opera var. Artiq bir ildən coxdur yazılan və sirli xəzinə kimi bir hücrədə yatan, Azərbaycanın görkəmli bəstəkarı Siyavuş Kəriminin yeni operasından danışıram .
Bu operanı dinləyəndə əvvəlcə insanın gözlərinin önünə Nəsiminin ruhu gəlir. Azərbaycanın tarixi yaddaşında şairlər çox mühüm rol oynayıb. Dövrün şairləri tarixi faktları məhz elə şeirin dilı ilə çəmiyyətə çatdırmışlar. Bir şairin timsalında və yazdıqlarında böyük bir tarix əks oluna bilər. Amma bu, tamamilə ayrı bir mövzudur.
Mən valeh olduğum operadan söz açmaq istəyirəm. Operanın bəstəsi Xalq artisti Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova aiddir.
Opera İmadəddin Nəsimin yaradıcılıq yolundan, dövrünün nakəslərindən çəkdiyi əziyyətlərdən bəhs edir. Tarixi mülahizələrə əsaslanan bu sənət əsəri yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək.
Azərbaycan Mədəniyyətinin inkişafında Milli musiqi təhsili sahəsində, Azərbaycanın beynəlxalq müstəvidə tanınmasında əvəzedilməz əməyi olan Şərəf və Şöhrət ordenli, Xalq artisti Siyavuş Kərimi şah əsəri olan “Nəsimi” operasını neçə illərdi hücrəsində qoruyub, yalnız ətrafına peşəkarları cəlb etdikdən sonra ərsəyə gəlməsinə izn verdi. Bəli, operanın librettosu çox hörmətli akademik Rafael Hüseynova aiddir. Rafael Hüseynov Azərbaycan ictimayətində, mədəniyyətində dərin düşüncələri ilə fərqlənən söz sərrafıdır. Onun bir-birindən mənalı araşdırmaları Azərbaycan Elm sahəsinə töhvədir. Çox gözəl heyət dahi unudulmaz Nəsiminin dünyasını əks etdirən operanı yaratdı.
Baş rolun ifaçısı Əməkdar artist, Gəncə Filarmoniyasının direktoru, on yaşından profesional səhnədə olan, eyni zamanda gözəl layihələr müəllifi Ramil Qasımovdur. O Azərbaycan Milli Konservatoriyasınln müəllimidir həm də. Sevimli əməkdaşımızı da bu gözəl uğurla təbrik edirik.
Bir az operanın librettosu haqqında danışaq. Operanı dinləməyə başlarkən zınqırovlu dəvələrin hərəkət etdiyi karvan gözümün önünə gətirir. Nəsimi doğmalarıyla vidalaşıb Təbrizə yollanır və doğmaları onu bir-bir dindirir. Bəstəkar hər bir xarakteri düşdüyü vəziyyətə uyğun olaraq o qədər ustaliqla yazmışdır, libretto müəllifi də həmin ruhla elə gözəl tamamlamşdır ki, musiqinin sədaları sənə operanın hər epizodunu nağıl edir. Nəsimi dühasını əslində Haqqın şairi olmasını, necə şər və xətalarla üzləşməsini, son fəryadını, qəmini, arzusunu bir-bir ilmələrlə musiqiyə köçürməsində görürük . Burada nələr yoxdir ki… Təbriz bazarı əks olunur. Təbrizin səsli küylü, dolanbac küçələri, bazar abu-havası, Şah sarayı, zindan, bütün Nəsiminin həyat və yaradıcılıq hekayəsi, müəllimi Fəzlullah Nəimiyə olan məhəbbəti, tarixi faktlara əsaslanan hadisələrin bir-birini əvəz etməsi və s. Hadisəni danışan Zəvvar obrazını səsləndirən Nurəddin Mehdixanlıdır. Musiqi parçalarını yeni səslər ifa edir. Bu sehirli aləmi yalnız dinləyən bilər. Operanı dinlədikcə həyatın sınaqlarlnda azan, yazib yaratmaq esqiylə çirpınıb məhv olan bir şair ömrünü düşünürsən. Sanki Nəsimi adlı bir məbədgah yaradılıb. Operanı dinləyən hər kəs o məbədgahda səcdə edir. Dövrünün hürufi adlandırdığı cəmiyyətdə yazıb yaradan həqiqət aşiqi, ilahı məhəbbətin sahibi şair ətraf tərəfindən məhv olur. Əslində Operanın bütün incəliklərini söyləmək istəmirəm. Bunu bilərəkdən etmirəm. Opera bu yaxın günlərdə bir günəş kimi Azərbaycan Opera sənətində parlayacaq. Bu günü səbirsizliklə gözləyirik. Bu, sevimli sənətkarımız – Azərbaycanın xalq artisti Siyavuş Kərimi yaradıcılığında bir zirvə, bir uğurlu izdir. Azərbaycan xalqı çox xoşbəxt xalqdır. Çünki onun mədəniyyətini dünyaya çatdıracaq əvəzi olmayan insənət, mədəniyyət adına sənətkarları var. Nəsimi operası Noyabr ayının 20-də Heydər Əliyev sarayında dinləyicilərin, tamaşaçıların ixtiyarina veriləcək. Bir daha heyəti nəzərinizə çatdırıram. Operanın Libretto müəllifi akademik Rəfael Hüseynov, musiqi rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşcu rejissoru İnarə Babayeva, Xormeyster – Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu xoreoqraf – Əməkdar artist Yuriy Lobaçov, işıq üzrə rəssam – Rafael Həsənovdur.
İmadəddin Nəsimi rolunda AMK-nın müəllimi, Gəncə Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımovdur. Digər rolları: Fəzlullah Nəimi – Xalq artisti Teyyub Aslanov, Sənəm – Fatimə Cəfərzadə , Şahxəndan – Cəlal İsayev, salnaməçi – Xalq artisti Nurəddin Mehdixanlı, Əbdülqadir Marağayi -AMK-nın müəllimi əməkdar artist İlkin Əhmədov, Əmir Teymur – Mahir Tağızadə, Əmir Teymurun vəziri – əməkdar artist Anton Ferştandt, Əmir Teymurun vəkili – Fəhmin Əhmədli, Fatimə – Kamilə Nəbiyeva, Dərviş – Xəyal Hüseynov, Məlikşüarə -Əməkdar artist Cahangir Qurbanov, Zahid – Taleh Yahyayev, Nəsiminin anası – Səma Həmzəyeva, Birinci keşikçi – Ruslan Persan, İkinci keşikçi – Rza Xosrovzadə, Zindan açarçısı – Fuad Əzizzadə, Qazi – Elmir Rüstəmov ifa edirlər.
Operanın musiqi müşayiəti – “Natiq” ritm qrupu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, xor kollektivi, balet truppasıdır.
Tar müşayiətçisi – Xalq artisti AMK-nın müəllimi Elçin Həşimov, Kamança – AMK-nın müəllimi, Əməkdar artist Elnur Əhmədov ,
Ud – Əmrah Orucovdur.
Azərbaycana səs salacaq, Milli köklərimiz üzərində qurulan, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, 70 yaş yubileyini qeyd etdiyimiz sənətkar Siyavuş Kəriminin bəstəkarı olduğu opera haqqında düşündüklərimi sizinlə bölüşdüm. Bu gözəl, Azərbaycan mədəniyyətində Musiqi hadisəsinin canlı şahidi olmağa hər kəsi dəvət edirik.
Həmişəyaşar dahi Nəsiminin həyat yolunu əks etdirən opera fövqəladə gözəlliyi ilə öz tamaşaçılarını gözləyir.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)