Aprelin 27-də Azərbaycan Milli Konservatoriyasında Ulu Öndər Heydər Əliyevin 92-ci il dönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Ulu öndərin ölməz xatirəsi bir daha böyük ehtiram və məhəbbətlə yad edildi.
Konservatoriyanın elmi işlər üzrə prorektoru, dosent Lalə Hüseynova tədbiri açaraq Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycan tarixi və mədəniyyətindəki müstəsna rolundan söhbət açdı. Vurğulamaq lazımdır ki, bütün tədbir boyu Heydər Əliyevin mədəniyyət sahəsindəki fəaliyyətini təcəssüm etdirən videoçarx nümayiş olundu. Görüntülərdə Ulu öndərin görkəmli mədəniyyət nümayəndələri ilə olan görüşləri öz əksini tapdı. H.Əliyevin geniş fəaliyyətinin mühüm bir sahəsi salona toplaşanların gözü önündə canlandırıldı.
Tədbirin konsert proqramı da xüsusi məna kəsb edirdi. Belə ki, buraya Heydər Əliyevin çox sevdiyi musiqi nömrələri də daxil edilmişdi. Üzeyir Hacıbəylinin “Sənsiz” qəzəl-romansı, “Küçələrə su səpmişəm” xalq mahnısı, Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısı, habelə Müslüm Maqomayevin möhtəşəm “Azərbaycan” mahnısı məhz bu qəbildən idi. Bu əsərləri AMK-nın müəllim ( pianoçu Naibə Şahməmmədova) və tələbələri (Babək Quliyev, Zümrüd Məmmədova, İsmət Sabirli) böyük ruh yüksəkliyi ilə ifa etdilər. Öncə isə İncəsənət Gimnaziyasının şagirdi Fərqanə Sadıxova Fidan Mirheydərovanın pianoda müşayiəti altında Sevda İbrahimovanın “Əbədi yurdum” mahnısını səsləndirdi. Bir sıra musiqi nömrələri həmçinin Xalq çalğı alətləri ansamblının ifasında təqdim olundu.